Qəzzada eskalasiya daha çox ölüm və dağıntılara səbəb olacaq - BMT-nin baş katibi
8 Avqust 21:38 DünyaBMT-nin baş katibi Antonio Quterreş xəbərdarlıq edib ki, Qəzza zolağında vəziyyətin daha da gərginləşməsi əlavə məcburi köçürmələr, qətllər və geniş dağıntılara səbəb olacaq.
Onun mövqeyini cümə günü jurnalistlər üçün keçirilən brifinqdə baş katibin nümayəndəsinin müavini Stefani Tremble səsləndirib.
"Qəzzada fələstinlilər dəhşətli miqyasda humanitar fəlakət yaşamaqda davam edirlər. Baş katib xəbərdarlıq edir ki, vəziyyətin daha gərginləşməsi əlavə məcburi köçürmələr, ölümlərə və geniş dağıntılara gətirib çıxaracaq, Qəzzada Fələstin əhalisinin ağlasığmaz iztirablarını daha da pisləşdirəcək", - deyə o bildirib.
O əlavə edib ki, baş katib "təcili olaraq daimi atəşkəs, Qəzzaya maneəsiz humanitar giriş və bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsi çağırışını" təkrarlayıb.