Almaniya İsrailə silah ixracını dayandırdı - ÖZƏL
16:03 DünyaAlmaniya İsrailə, Qəzza sektorunda istifadə oluna biləcək hərbi texnikanın ixracını müvəqqəti olaraq dayandırıb. Olaylar.az xəbər verir ki, bu barədə Almaniyanın kansleri Fridrix Mers açıqlama verib. Xəbəri "BBC" yayıb. Kansler qeyd edib ki, İsrailin Qəzza şəhərini işğal etmə planlarına münasibət olaraq bu qərar qəbul edilib. Onun sözlərinə görə, qərarda hər hansı dəyişiklik olacağı təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək:
"Mövcud şəraitdə Almaniya hökuməti Qəzza sektorunda istifadə oluna biləcək heç bir hərbi texnikanın ixracına icazə verməyəcək," - deyə Mers vurğulayıb.
Qeyd edək ki, Almaniya İsrailin ən böyük silah tədarükçülərindən biridir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına əsasən, 2020-2024-cü illərdə İsrailə ən çox silah tədarük edən ölkə ABŞ olub, ikinci yerdə isə Almaniya qərarlaşıb.
Xatırladaq ki, avqustun 8-də İsrailin Təhlükəsizlik Kabineti Qəzza şəhərində nəzarətin ələ keçirilməsi planını təsdiqləyib. Planda müharibəyə son qoymaq üçün beş əsas prinsip qeyd olunub:
- HƏMAS-ın silahsızlaşdırılması,
- Bütün girovların - istər sağ, istərsə də ölü qaytarılması,
- Qəzza sektorunun demilitarizasiyası,
- İsrail təhlükəsizlik qüvvələrinin bölgədə nəzarəti,
- HƏMAS və ya Fələstin Administrasiyası olmayan alternativ mülki hökumətin yaradılması.