Papuaşvili: 2008-ci ildə Gürcüstanda marionet rejim olmasaydı, müharibə baş verməzdi – ÖZƏL

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, əsas sual müharibənin nə vaxt və kim tərəfindən başladılması deyil, niyə başladılmasıdır. Onun sözlərinə görə, bu suala cavab 2022-ci ildə verilib, həmin vaxt Gürcüstanda müharibə bir günə başlaya bilərdi.

Olaylar.az xəbər verir ki, Mukhataqverdi qəbiristanlığında jurnalistlərə açıqlama verən Papuaşvili qeyd edib ki, 2022-ci ildə Gürcüstanı böyük geosiyasi qarşıdurmada "şahmat taxtasındakı piyada" kimi istifadə etmək istəyirdilər. O, keçmiş prezident Mixail Saakaşvilini "xain" adlandırıb.

"17 il əvvəl avqust ayında şəhid olan əsgərlərimizi və mülki əhalimizi xatırlayırıq. 400-dən çox vətəndaşımız həlak olub, 1700-dən çox insan yaralanıb. Mərkəzi hakimiyyət 125 kənd üzərində nəzarəti itirib. Bu gün həm qəhrəmanlarımızı yad etmək, həm də gələcəyimiz barədə düşünmək günüdür. Sülh çox kövrəkdir və əgər xalqımız müdrik davranmasa, vəziyyət dərhal dəyişə bilər," - deyə o vurğulayıb.

Papuaşvili bildirib ki, 2008-ci ildə ölkədə "Milli Hərəkat" və Mixail Saakaşvili şəxsində marionet rejim mövcud idi və bu rejim Gürcüstanın deyil, başqalarının maraqlarına xidmət edirdi:
"Nəticədə avqust müharibəsi başladı. Bir tərəfdən işğaldan danışırdılar, digər tərəfdən isə Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünü dəstəkləyirdilər. Bu, mədəniyyətli siyasət deyil, sifarişli siyasət idi. Fərq ondadır ki, marionet hökumət xarici, patriot hökumət isə milli maraqlara xidmət edir."

O əlavə edib ki, "xain və marionet hökumət başçısının Gürcüstanın qəhrəmanları ilə heç bir əlaqəsi ola bilməz" və Saakaşvilinin ölkənin nə keçmişinə, nə bu gününə, nə də gələcəyinə aidiyyəti yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31