Fələstin İƏT və Ərəb Liqasının təcili iclasını tələb etdi - ÖZƏL

Fələstin Prezidenti Administrasiyası İsrailin Qəzza zolağında hərbi əməliyyatları genişləndirməsi qərarına cavab olaraq bir sıra beynəlxalq qurumlara müraciət edib. Olayıar.az xəbər verir ki, bu barədə Fələstinin rəsmi WAFA agentliyi məlumat yayıb.
Bəyanatda qeyd olunub ki, yaranmış vəziyyət təhlükəli dərəcədə gərginləşdiyi üçün Fələstin dövləti BMT Təhlükəsizlik Şurasına təcili şəkildə müraciət edərək "bu cinayətlərin qarşısının alınması üçün dərhal tədbirlərin görülməsini" tələb edir. Bundan əlavə, Fələstin rəhbərliyi İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqasının (ƏƏL) təcili iclaslarının keçirilməsinə çağırış edib. Məqsəd - Fələstin xalqının müdafiəsini və İsrailin aqressiyasının dayandırılmasını təmin etmək üçün vahid ərəb, islam və beynəlxalq mövqenin razılaşdırılmasıdır. Administrasiya həmçinin ABŞ Prezidenti Donald Trampa da müraciət edərək İsrailin bu hərəkətlərinə müdaxilə etməyə və "müharibəni dayandırmaq və davamlı sülh yaratmaq vədini yerinə yetirməyə" çağırıb.
Xatırladaq ki, bundan əvvəl İsrailin hərbi-siyasi kabineti Baş nazir Benyamin Netanyahu tərəfindən irəli sürülən Qəzza şəhərinin tam nəzarətə götürülməsi və hərbi əməliyyatların genişləndirilməsi planını təsdiqləmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31