Zatulin: NATO Cənubi Qafqazda mövqelərini gücləndirməyə çalışır - ÖZƏL

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin Cənubi Qafqazda NATO-nun mövqelərini gücləndirməyə çalışdığını bildirib. Olaylar.az xəbər verir ki, o, bu fikrini TASS-a müsahibəsində səsləndirib.
Zatulin hesab edir ki, Bakı ilə İrəvan arasında hazırlanmaqda olan sülh sazişi NATO-nun regionda təsir dairəsini artırmasına zəmin yarada bilər.
"Əgər biz Ukraynanın NATO-ya üzvlüyünü qəbul etmiriksə, onda NATO-nun arxa qapıdan daxil olmasına da yol verməməliyik. Hazırda Cənubi Qafqazda məhz bu baş verir. Bu, NATO üzvü olan Türkiyənin də istədiyi bir istiqamətdir", - deyə Zatulin qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə əvvəlki razılaşmaları nəzərə almadan ABŞ-nin dəstəklədiyi istənilən razılaşmaya getməyə hazır olduqlarını nümayiş etdirirlər. Zatulin baş verənləri Rusiyanın Qərblə apardığı "miqyaslı qarşıdurmanın bir hissəsi" adlandırıb. O bildirib ki, bu qarşıdurmanın həlli üçün Moskva mümkün qədər tez SVO (xüsusi hərbi əməliyyat) ilə bağlı öz məqsədlərinə nail olmağa çalışır. Bu kontekstdə ABŞ-lə aparılan təmaslar da məqsədə çatmağa yardım edə bilər. Deputat əlavə edib ki, Avropa isə əksinə, Ukraynadakı münaqişənin uzanmasında maraqlıdır və bu yolla Rusiyanın digər regionlardakı, o cümlədən Cənubi Qafqazdakı maraqlarına zərbə vurmağa çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31