Viktor Orban: “Avropa ölkələri Rusiya ilə sammit keçirməlidir” - ÖZƏL

Macarıstanın Baş naziri Viktor Orban Avropanın aparıcı dövlətlərini Rusiya ilə sammit təşkil etməyə çağırıb. Olaylar.az xəbər verir ki, o, bu fikri Kossuth radiostansiyasının səhər proqramında çıxışı zamanı səsləndirib. Orban bildirib ki, belə bir sammit ABŞ və Rusiya prezidentləri - Donald Tramp və Vladimir Putin arasında gözlənilən görüşdən sonra baş tutmalıdır. Onun sözlərinə görə, Putin-Tramp görüşünün təşkili ilə bağlı yayılan xəbərlər "yaxşı xəbərdir".
"Ukraynada atəşkəs yalnız ABŞ və Rusiya prezidentləri razılığa gələrsə mümkündür", - deyə Orban vurğulayıb. Macarıstan Baş naziri Avropa İttifaqının Ukrayna münaqişəsinin həlli prosesindən kənarda qalmasını təəssüf hissi ilə qeyd edib. Onun fikrincə, Aİ rəhbərliyi münaqişənin uzanmasını dəstəkləyən mövqe tutmaqla sülhə töhfə verə bilmir.
"Brüsseldəki liderlərin, xüsusən də ABŞ-lə idxal tarifləri üzrə aparılan danışıqlarda göstərdiyi performans göstərdi ki, onlardan fayda gözləməyə dəyməz", - deyə o bildirib.
Orbanın fikrincə, Avropa adından Rusiya ilə danışıqlara Almaniya kansleri və Fransa prezidenti qatılmalıdır: "Əgər zərurət yaranarsa, bu görüş neytral ərazidə də keçirilə bilər. Amma Rusiya-Avropa sammiti mütləq baş tutmalıdır, çünki bu müharibə Avropanın içində gedir."
Macarıstan hökumət başçısı Avropa İttifaqı ölkələrinin bu təşəbbüsdə fəallıq göstərməsinin vacibliyini vurğulayıb və Brüsseldə keçirilən məsləhətləşmələr zamanı bu təklifini dəfələrlə səsləndirdiyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31