750 mindən çox kambocalı miqrant vətəninə qayıtdı - ÖZƏL

24 iyulda Taylandla Kamboca arasında sərhəddə başlayan silahlı toqquşmalardan sonra 750 mindən çox kambocalı miqrant Taylanddan vətənə qayıdıb. Olaylar.az xəbər verir ki,  bu barədə AFP agentliyi Kamboca Əmək Nazirliyinə istinadən məlumat yayıb.
Rəsmi məlumata görə, Taylandda ümumilikdə 1,2 milyon kambocalı miqrant yaşayır. Nazirlik nümayəndəsi bildirib ki, onlar "özlərini təhlükəsiz hiss etmirlər və qorxu içindədirlər". Tayland miqrasiya xidmətinin əməkdaşı da bir çoxlarının ölkəni tərk etdiyini təsdiqləsə də, dəqiq statistikanı açıqlamaqdan imtina edib, bu məlumatların konfidensial olduğunu deyib.
Eyni zamanda Tayland rəsmiləri ölkəni təxminən 200 min kambocalının tərk etdiyini bəyan ediblər. Silahlı toqquşmalar 24 iyul səhəri, Taylandla Kamboca sərhədində yerləşən mübahisəli Oddar-Miençey vilayətində baş verib. Tayland Silahlı Qüvvələri Kamboca qüvvələrinin ağır silah istifadəsinə cavab olaraq, onların mövqelərinə qırıcılarla zərbələr endirildiyini açıqlayıb. Kamboca Müdafiə Nazirliyi isə öz növbəsində, Tayland hərbçilərinin ölkə ərazisinə daxil olduğunu və Kamboca ordusunun özünümüdafiə hüququndan istifadə etdiyini bəyan edib.
Gərginliyin artmasından sonra 28 iyulda Malayziya hökumət başçısı Anvar İbrahim Kamboca və Tayland arasında atəşkəsin əldə edildiyini elan edib. Atəşkəs 29 iyul saat 00:00-da (Bakı vaxtı ilə 28 iyul saat 20:00-da) qüvvəyə minib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31