Cənubi Koreya ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərini təmir edəcək - ÖZƏL

Cənubi Koreyanın aparıcı gəmiqayırma şirkəti HD Hyundai Heavy Industries ABŞ Hərbi Dəniz Qüvvələrinin nəqliyyat gəmilərinin texniki xidməti və əsaslı təmiri üzrə müqavilə imzalayıb. Olaylar.az xəbər verir ki, bu  barədə KBS telekanalı məlumat yayıb.
Məlumata görə, təmir ediləcək ilk gəmi 41 min ton su tutumuna malik "Alan Shepard" quru yük gəmisi olacaq. Gəminin təmiri Cənubi Koreyanın cənubunda yerləşən Ulsan şəhərindəki gəmiqayırma zavodunda həyata keçiriləcək və işlərin bu ilin noyabrında başa çatdırılması planlaşdırılır. Bu müqavilə, Seulun ABŞ ilə 150 milyard dollar dəyərində gəmiqayırma sahəsində əməkdaşlıq təşəbbüsünün ilk konkret addımı hesab olunur. Müqavilənin dəqiq maliyyə dəyəri açıqlanmayıb. Qeyd edək ki, iyul ayının sonunda Vaşinqton və Seul gömrük rüsumları ilə bağlı yeni ticarət sazişi imzalayıblar. Bu razılaşma çərçivəsində Cənubi Koreya ABŞ iqtisadiyyatına 350 milyard dollar sərmayə yatırmaq öhdəliyini götürüb. Bu vəsaitin təxminən 150 milyard dolları məhz gəmiqayırma sahəsinə yönəldiləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31