ABŞ Ordusu hava əməliyyatlarına süni intellekt tətbiq etmək istəyir - ÖZƏL

ABŞ Ordusu döyüş meydanında hava əməliyyatlarının idarə olunmasında süni intellekt  texnologiyalarından istifadə etməyi planlaşdırır. Olaylar.az xəbər verir ki, bu barədə Defense News portalı dövlət satınalmaları reyestrində yerləşdirilmiş sənədə istinadla məlumat yayıb.
Sənəddə qeyd olunur ki, bu təşəbbüs komandanların hava əməliyyatları zamanı üzləşdiyi kognitiv yüklənməni azaltmağa yönəlib:
"Bu məlumat sorğusu komandirlərin mürəkkəb hava əməliyyatlarını idarə edərkən üzləşdiyi intellektual yüklənməni aradan qaldırmaq məqsədi daşıyır."
Mətnə əsasən, qabaqcıl texnologiyaların və maşın öyrənməsinin tətbiqi pilotsuz uçuş aparatlarından (PUA) irəli gələn artan təhdidə qarşı daha effektiv mübarizə aparmağa imkan verəcək. Ordu həm süni intellekt həlləri təklif edən texnoloji şirkətlərin, həm də uzunmüddətli inteqrasiya konsepsiyaları təqdim etməyə hazır olan tərəfdaşların müraciətlərini gözləyir. ABŞ quru qoşunları bu texnologiyaları inteqrasiya edərkən aşağıdakı amilləri nəzərə almağı planlaşdırır: quru, hava və su səviyyəsində eyni anda qarşıdurmalar, düşmənin PUA-lardan geniş istifadə etməsi, hava məkanının müxtəlif obyektlərlə yüklənməsi və böyük həcmli məlumatların emalı əsasında sürətli qərarların qəbul edilməsi zərurəti.
Qeyd edək ki, daha əvvəl Pentaqon süni intellekt texnologiyalarının orduda tətbiqini sürətləndirmək məqsədilə dörd aparıcı İT şirkəti ilə müqavilə imzalayıb. Bloomberg agentliyinin məlumatına görə, bu şirkətlər Google, OpenAI, xAI və Anthropic-dir. Hər bir müqavilənin dəyəri minimum 200 milyon dollar olaraq qiymətləndirilsə də, dəqiq məbləğ hələ açıqlanmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31