Avropa Parlamentinin üzvləri İsraili Qəzzada soyqırım törətməkdə ittiham etdilər - ÖZƏL
10:20 DünyaAvropa Parlamentində sosialistlər, solçular və "yaşıllar" fraksiyalarının liderləri Avropa İttifaqının rəhbərliyinə məktub ünvanlayaraq İsraili Qəzza zolağında soyqırım törətməkdə ittiham ediblər və Aİ səviyyəsində bu ölkəyə qarşı təcili tədbirlər görülməsini tələb ediblər. Olaylar.az xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.
"Artıq vəziyyəti sadəcə fövqəladə hal kimi dəyərləndirmək olmaz: Qəzzada soyqırım baş verdiyini sübut edən danılmaz faktlar mövcuddur", - deyə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə, Aİ-nin baş diplomatı Kaya Kallasa və Avropa Şurasının rəhbəri Antoniu Koştaya ünvanlanan məktubda qeyd olunur. Məktubda həmçinin vurğulanır ki, "Avropa Komissiyası və Avropa Şurası indiyə qədər bizim müqavilələrimiz, dəyərlərimiz və öhdəliklərimizin tələb etdiyi təcili və qətiyyətli reaksiyanı göstərə bilməyib".
Avropa İttifaqının bir rəsmisi nəşrə açıqlamasında bildirib ki, Qəzzada aclıq süni şəkildə yaradılıb və vəziyyəti Ruandada baş vermiş tutsi soyqırımı ilə müqayisə edib: "Biz Qəzzada süni şəkildə yaradılmış aclığın şahidiyik", - deyə o bildirib.
Xatırladaq ki, Yaxın Şərqdə vəziyyət 2023-cü il oktyabrın 7-də HƏMAS radikal hərəkatının silahlı üzvlərinin Qəzza zolağından İsrail ərazisinə daxil olması və sərhəd bölgələrində mülki şəxslərin qətlə yetirilməsi, eləcə də girovların götürülməsi ilə kəskin şəkildə gərginləşib. Hadisələrdən sonra İsrail Qəzzanı tam blokadaya alaraq, bölgədə hərbi əməliyyata başladığını elan edib. Məqsədin girovların azad olunması və HƏMAS-ın döyüş qabiliyyətinin məhv edilməsi olduğu bildirilib. 2024-cü ilin martında yanvarda elan edilmiş atəşkəs rejimi pozularaq, İsrail ordusu bölgədə hərbi əməliyyatlara yenidən başlayıb.