Gürcüstan Ermənistan və Azərbaycan arasında dialoqa dəstək verməyə hazırdır – ÖZƏL

Gürcüstan Baş naziri İrakli Kobaxidze Ermənistan və Azərbaycan arasında dialoqun qurulmasına dəstək verməyə hazır olduqlarını bildirib. 

Olaylar.az xəbər verir ki, o, bu fikri Türkmənistanda keçirilən "dənizə çıxışı olmayan ölkələrin" beynəlxalq konfransının kuluarlarında Ermənistan prezidenti Vaaqn Xaçaturyanla görüşündə səsləndirib.

Baş nazirin sözlərinə görə, belə təşəbbüslər Cənubi Qafqaz regionunda sülh və sabitliyin möhkəmlənməsi baxımından son dərəcə önəmlidir.

"Ermənistan və Azərbaycanın sülh müqaviləsi üzrə müzakirələri başa çatdırması barədə bəyanatı bu istiqamətdə atılmış vacib addımdır", - deyə Kobaxidze vurğulayıb.

Görüş zamanı tərəflər həmçinin Ermənistan-Gürcüstan ikitərəfli münasibətlərini və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, görüşdə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili də iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31