Yaponiya ABŞ-lə ticarət razılaşmasını yekunlaşdırmaq üçün Vaşinqtona nümayəndə göndərir - ÖZƏL
12:56 DünyaYaponiya ilə ABŞ arasında iyul ayında əldə edilən ticarət razılaşmasının icrasını sürətləndirmək məqsədilə Yaponiyanın əsas tarif üzrə danışıqlar aparan nümayəndəsi Ryosei Akazava avqustun 5-də Vaşinqtona səfər edəcək. Olaylar.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi xəbər verir.
Səfər zamanı Akazavanın məqsədi ABŞ tərəfinə təzyiq göstərərək razılaşdırılmış tariflər üzrə fərmanın imzalanmasını və yapon avtomobillərinə tətbiq ediləcək 15%-lik gömrük rüsumunun rəsmiləşdirilməsini təmin etməkdir. Qeyd edək ki, mövcud razılaşmaya əsasən, ABŞ Yaponiyadan idxal olunan avtomobillərə tətbiq olunan 27,5%-lik rüsumu 15%-ə endirməyə razılaşıb. Digər yapon məhsullarına tətbiq olunan 25%-lik tariflər də 15%-ə endiriləcək. Yaponiya parlamentində çıxış edən Ryosei Akazava bildirib ki, tərəflər arasında əldə olunmuş razılaşmaya uyğun olaraq avtomobil və avtomobil ehtiyat hissələri üzrə tarif fərmanının tezliklə imzalanması təmin olunacaq.
Bununla belə, Yaponiya müxalifət partiyaları hökuməti razılaşmanın əldə olunmasına baxmayaraq, hələ də rəsmi sənədin imzalanmamasına görə tənqid ediblər.