ABŞ bəzi ölkələr üçün vizaya 15 min dollar girov tətbiq edir – ÖZƏL
5 Avqust 2025 10:56 DünyaABŞ Dövlət Departamenti bəzi ölkələrin vətəndaşları üçün turist və biznes vizası almaq istəyənlərdən 15 min dollara qədər girov tələb olunacaq pilot proqramı işə salır.
Olaylar.az xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.
Bu təşəbbüs ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə hazırlanıb. Tramp ikinci prezidentlik müddətinə daxil olarkən ölkəyə daxil olan əcnəbilərə nəzarəti sərtləşdirməyi hədəfləyib. Onun göstərişi ilə Maliyyə Nazirliyi, Dövlət Departamenti və Daxili Təhlükəsizlik Nazirliyi tərəfindən viza girov sisteminin hazırlanması tapşırılıb.
Yeni qaydalara əsasən, B-1 (biznes səfəri) və B-2 (turizm) kateqoriyalarına aid vizalar üçün müraciət edən bəzi ölkələrin vətəndaşlarından 5 000-dən 15 000 dollara qədər məbləğdə girov alınacaq. Bu məbləğ viza verilməzdən əvvəl ödənməli və səyyah müəyyən edilmiş vaxtda ABŞ-ni tərk etdikdə geri qaytarılacaq.
ABŞ Dövlət Departamenti bu addımı "diplomatik alət" adlandıraraq, bunun milli təhlükəsizlik məqsədi daşıdığını vurğulayıb. Proqramın rəsmi olaraq Federal Reyestrdə dərc olunmasından 15 gün sonra qüvvəyə minəcəyi və avqust 2026-cı ilə qədər davam edəcəyi bildirilir.
Hazırda yeni qaydaların şamil olunacağı ölkələrin tam siyahısı açıqlanmayıb. Lakin Dövlət Departamenti qeyd edir ki, söhbət ABŞ-də qalma müddətini aşanların (overstay) yüksək olduğu və ya sənədlərin yoxlanması səviyyəsinin aşağı olduğu ölkələrdən gedir. ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin məlumatına görə, belə qayda pozuntuları 2023-cü ildə ən çox Çad, Laos, Haiti və Konqo Demokratik Respublikası vətəndaşları arasında qeydə alınıb.
Yeni proqram Visa Waiver Program çərçivəsində vizasız ABŞ-yə daxil olan vətəndaşlara şamil edilmir. Bu proqram hazırda əsasən Avropa ölkələri də daxil olmaqla 40-dan çox dövləti əhatə edir.
Bundan əlavə, ABŞ-də viza üçün əlavə 250 dollarlıq "vizanın dürüstlüyü haqqı" (visa integrity fee) da tətbiq olunur ki, bu da ABŞ vizasını dünyanın ən bahalı vizalarından birinə çevirə bilər. Ekspertlər isə xəbərdarlıq edirlər ki, bu proqram gələcəkdə daimi xarakter ala və aztəminatlı ölkələrdən olan səyyahların qarşısında ciddi maneəyə çevrilə bilər.