Əfqanıstanda uşaqlar arasında aclıq rekord həddə çatıb – BMT-dən xəbərdarlıq – ÖZƏL

Əfqanıstanda uşaqlar arasında müşahidə olunan qidalanma çatışmazlığı son illərin ən kəskin səviyyəsinə çatıb. 

Olaylar.az xəbər verir ki, bu barədə CNN telekanalı BMT-nin Ümumdünya Ərzaq Proqramına (WFP) istinadla məlumat yayıb.

Təşkilatın hesablamalarına görə, ölkə əhalisinin təxminən dörddə biri - yəni 10 milyon nəfərə yaxın insan ciddi ərzaq çatışmazlığından əziyyət çəkir. Hər üç uşaqdan biri isə uzunmüddətli aclıq səbəbindən fiziki inkişafda geriləmə yaşayır.

WFP nümayəndələri bildiriblər ki, bu böhranın əsas səbəblərindən biri son iki ildə humanitar yardımın kəskin azalmasıdır. Yardımların azalmasına səbəb isə beynəlxalq maliyyə dəstəyinin düşməsi olub. Belə ki, 2025-ci ilin aprelində ABŞ prezidenti Donald Trampın rəhbərliyi ilə Əfqanıstana ərzaq yardımları tamamilə dayandırılıb.

Ərzaq böhranını daha da ağırlaşdıran digər faktor isə qonşu ölkələrdən - xüsusən İrandan deportasiya edilən on minlərlə əfqan vətəndaşının kütləvi şəkildə geri qayıtmasıdır. Son iki ay ərzində yalnız İrandan qayıdan 60 min nəfərə yardım göstərilib.

WFP-nin nümayəndəsi Ziauddin Safi bildirib ki, yalnız İrandan qayıdanlara yardım göstərmək üçün 15 milyon dollara ehtiyac var. Ümumilikdə isə, 2026-cı ilin yanvar ayına qədər ölkədəki həssas təbəqəyə yardım göstərmək üçün 539 milyon dollar vəsait tələb olunur.

Bundan əlavə, ölkədəki ərzaq təhlükəsizliyinə iqlim böhranı da ciddi təsir göstərir. Əfqanıstanın Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyinin rəhbəri Matiullah Xalisin sözlərinə görə, quraqlıq, su qıtlığı, əkinəyararlı torpaqların azalması və gözlənilməz daşqınlar həm əhalinin həyatını, həm də ölkənin iqtisadiyyatını çətin vəziyyətə salır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31