ABŞ Çinlə razılaşmaya getməyəcək- ÖZƏL
7 Aprel 12:11 DünyaVaşinqton Çinlə tariflərə dair razılaşmanı yalnız ABŞ-nin bu ölkə ilə olan ticarət balansı düzəldildikdən sonra imzalayacaq. Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
"Biz Çinlə olan ticarət kəsiri məsələsini həll etməliyik. Çinlə ticarətdə yüz milyardlarla dollar itiririk. Bu məsələni yoluna qoymadan heç bir razılaşma imzalamayacağam," - deyə Tramp vurğulayıb.
Tramp bazarların gələcək dinamikasına dair proqnoz verməkdən çəkinib, lakin ABŞ-ın iqtisadi cəhətdən digər ölkələrdən "çox daha güclü" olduğunu bildirib. "Mən bazarların çökməsini istəmirəm. Amma bəzən nəyisə düzəltmək üçün dərman içmək lazım olur," - deyə o əlavə edib.
Trampın bu açıqlamasından bir neçə saat sonra, aprelin 7-si səhər saatlarında Asiya fond bazarlarında ciddi eniş qeydə alınıb. Yaponiya indeksi Nikkei 225 6,3%, Honq-Konqun Hang Seng indeksi isə 9,8% dəyər itirib. Aprelin 4-də isə ABŞ-ın üç əsas fond indeksi 5%-dən çox, S&P 500 isə təxminən 6% aşağı düşüb.
Bundan əvvəl Çin Dövlət Şurasının Tarif Komissiyası Trampın tarif siyasətinə cavab olaraq ABŞ-dan idxal olunan məhsullara əlavə gömrük rüsumları tətbiq ediləcəyini açıqlamışdı. Komissiya bu rüsumların mövcud tariflərə əlavə olaraq tətbiq olunacağını bildirib.