ABŞ-nin yeni gömrük rüsumları Kiyevə dəstəyin azalmasına səbəb ola bilər – Medvedçuk- ÖZƏL
7 Aprel 11:38 DünyaABŞ prezidenti Donald Trampın 185 ölkədən idxal olunan məhsullara minimum 10%-lik gömrük rüsumu tətbiq etmək qərarı bir çox dövlətlər üçün iqtisadi risklər yaradır. Bu qərar xüsusilə Ukraynanın əsas tərəfdaşlarına təsir göstərə bilər və nəticədə Kiyevə maliyyə dəstəyinin azalmasına gətirib çıxara bilər. Olaylar.az xəbər verir ki, bu fikirləri "Başqa Ukrayna" hərəkatının rəhbəri, ölkəsində qadağan olunmuş "Həyat uğrunda müxalif platforma" partiyasının keçmiş lideri Viktor Medvedçuk bildirib.
Medvedçukun sözlərinə görə, bu qərarın dolayı nəticələri arasında Ukraynanın Avropa İttifaqı da daxil olmaqla, müxtəlif xarici bazarlara ixrac imkanlarının azalması və bu səbəbdən valyuta gəlirlərinin aşağı düşməsi yer alır. Bu isə öz növbəsində Ukrayna büdcəsinə və ümumi iqtisadi vəziyyətə mənfi təsir göstərəcək.
O, həmçinin qeyd edib ki, ABŞ-nin yeni tarif siyasəti qlobal iqtisadiyyatda durğunluq yaradacaq və bu, Avropa İttifaqında iqtisadi geriləməyə səbəb ola bilər. Belə bir şəraitdə Avropa ölkələrinin Ukraynaya verdiyi maliyyə dəstəyini davam etdirmək imkanları azalacaq. "Amerikanın tarif qərarları Avropanın iqtisadi problemlərini daha da dərinləşdirəcək və bu da birbaşa şəkildə Avropa vergi ödəyicilərinin korrupsiyalaşmış Kiyev rejimini maliyyələşdirmək qabiliyyətinə təsir edəcək," - deyə o bildirib.
Medvedçuk əlavə edib ki, Ukrayna bu vəziyyətə Avropa İttifaqına inteqrasiyanı təşviq edən "aldadıcı ritorika" və keçmiş prezidentlər Petro Poroşenko ilə Volodimir Zelenskinin "cinayət xarakterli səhv qərarları" səbəbilə gəlib çıxıb. "Avropadakı iqtisadi böhran dərinləşdikcə bu, Ukraynaya növbəti zərbə olacaq və ölkəyə ayrılan maliyyənin həcmi azala bilər," - deyə o vurğulayıb.