ABŞ-nin daha bir aviadaşıyıcı qrupu Yaxın Şərqə gələcək- ÖZƏL

ABŞ Müdafiə Nazirliyi Mərkəzi Komandanlığın (CENTCOM) məsuliyyət zonasında yerləşdirmək üçün Carl Vinson təyyarədaşıyan gəmisi  başda olmaqla yeni aviadaşıyıcı zərbə qrupunu bölgəyə göndərir. Olaylar.az xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Şon Parnell məlumat verib.

"İndo-Sakit okean regionunda planlaşdırılmış təlimləri başa vurduqdan sonra Carl Vinson təyyarədaşıyan gəmisi  başda olmaqla avianoslu zərbə qrupu CENTCOM-un məsuliyyət zonasında yerləşəcək. Onun əsas məqsədi bölgədə sabitliyi qorumaq, aqressiyanı cilovlamaq və regional ticarət yollarının təhlükəsizliyini təmin etməkdir", - deyə Parnell bildirib.

Onun sözlərinə görə, bu missiyanın yerinə yetirilməsi çərçivəsində və "prezidentin güc vasitəsilə sülhə nail olmaq direktivlərinə uyğun olaraq" müdafiə nazirinin əmri ilə bölgədə Harry S. Truman aviadaşıyıcısı başda olmaqla digər aviadaşıyıcı zərbə qrupu da qalacaq.

Qeyd edək ki, CENTCOM-un məsuliyyət zonası Yaxın Şərq, Şərqi Afrika və Mərkəzi Asiyanı əhatə edir. ABŞ bölgədə təhlükəsizliyə sadiqliyini bir daha vurğulayaraq, istənilən dövlət və ya qeyri-dövlət aktorunun münaqişəni genişləndirmək və ya daha da gərginləşdirmək cəhdlərinə qarşı cavab tədbirləri görəcəyini bəyan edib.

Pentaqon rəsmisi bildirib ki, müdafiə naziri Pit Hegset açıq şəkildə bəyan edib: "Əgər İran və ya onun dəstəklədiyi qruplar bölgədəki ABŞ personalına və maraqlarına təhdid törədərsə, Birləşmiş Ştatlar vətəndaşlarını qorumaq üçün qətiyyətli addımlar atacaq."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31