Paşinyanın partiyası 2026-cı ildə hakimiyyəti itirmək təhlükəsini anlayır – polittexnoloq – ÖZƏL
2 Aprel 2025 13:49 DünyaErmənistanın hakim "Mülki Müqavilə" partiyası 2026-cı ildə hakimiyyəti itirmək təhlükəsinin real olduğunu anlayır.
Olaylar.az xəbər verir ki, bu fikri polittexnoloq Viqen Akopyan "Sputnik Ermənistan" multimediya mərkəzində keçirilən mətbuat konfransında səsləndirib.
O, deputat mandatından imtina edən Vilen Qabrielyanın "2026-cı ildə biz artıq hakimiyyətdə olmayacağıq" sözlərinə münasibət bildirərək qeyd edib ki, bu ifadə, hərçənd sərxoş vəziyyətdə deyildiyi ehtimal olunsa da, partiya daxilindəki əhval-ruhiyyəni əks etdirir.
Akopyanın sözlərinə görə, "Mülki Müqavilə" daxilində 7-8 fanatik və radikal fiqur var ki, onlar sonadək getməyə hazırdırlar. Bununla yanaşı, vəziyyəti daha adekvat dəyərləndirən və dar çərçivədə hisslərini bölüşən üzvlər də mövcuddur. Onların yaxın ətrafında da baş verənlərdən narazı olanlar var.
Ekspertin fikrincə, hakimiyyət dəyişikliyinin mümkünlüyü sosial sorğuların nəticələrində də əks olunur. O bildirir ki, bu sorğular ictimai əhval-ruhiyyəni tam əks etdirməsə də, mövcud tendensiyaları göstərir. Belə ki, "Mülki Müqavilə"nin reytinqi 12%-dən aşağıdır.
Qeyd edək ki, bazar günü Gümrüdə bələdiyyə seçkiləri zamanı Vilen Qabrielyan jurnalistlərə qarşı təhqiramiz ifadələr işlədib. Daha sonra o, sosial şəbəkədə paylaşım edərək davranışını qeyri-etik adlandırıb və deputat mandatından imtina etdiyini açıqlayıb. Bununla belə, onun "necəsə olsa, 2026-cı ildə hakimiyyət dəyişəcək, elə isə niyə indi mandatdan imtina edim?" sözləri də diqqət çəkib.