Putin NATO ilə “böyük müharibəyə” demək olar ki, hazırdır – Almaniya kəşfiyyatı vaxtı AÇIQLADI
29 Mart 15:13 DünyaKreml genişmiqyaslı münaqişə üçün fəal şəkildə qüvvələr toplayır.
Lent.az xəbər verir ki, Almaniya Federal Kəşfiyyat Xidməti (BND) və Bundesver Rusiyanın Qərblə münasibətlərə sistemli münaqişə kimi baxdığını, həmçinin NATO ilə genişmiqyaslı müharibəyə hazırlaşdığını iddia edən yeni hesabat yayıb.
Kəşfiyyat məlumatlarına görə, Kreml öz məqsədlərinə çatmaq üçün gücdən istifadə etməyə hazırdır və onilliyin sonuna qədər genişmiqyaslı şərti müharibəyə tam hazır ola bilər. Hazırda Rusiya qoşunlarının Ukrayna ərazisində cəmləşməsinə baxmayaraq, Rusiya Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri döyüşə hazır vəziyyətdədir. Həmin qoşunlar Ukrayna münaqişəsi başa çatdıqdan dərhal sonra Baltikyanı ölkələrin sərhədlərinə yerləşdirilə bilər.
Litva Kəşfiyyatı (VSD) qeyd edir ki, Rusiya hazırda bütün NATO alyansına hücum etmək iqtidarında deyil. Lakin bir və ya bir neçə üzv ölkəyə qarşı yerli hərbi əməliyyat keçirərək "gücünü sınamağa" cəhd edə bilər. Bu, Kremlə NATO-nun kollektiv müdafiə öhdəliklərinə nə dərəcədə ciddi yanaşacağını qiymətləndirməyə imkan verəcək.
Hesabatda vurğulanır ki, Rusiya öz itkilərini aktiv şəkildə əvəz edir, müdafiə sənayesi isə hazırkı münaqişənin tələbatını üstələyən həcmdə silah istehsal edir. Proqnozlara görə, 2025-ci ilin sonuna qədər Rusiyanın hərbi xərcləri təxminən 120 milyard avroya çatacaq ki, bu da ÜDM-in 6%-dən çoxunu təşkil edəcək. Bu, 2021-ci illə müqayisədə hərbi büdcənin 4 dəfə artması deməkdir. Ordunun sayını 1,5 milyon nəfərə çatdırmaq və NATO ilə sərhəddə silahların həcmini 30-50% artırmaq planlaşdırılır.
Hərbi ekspert Zenke Neitzel də Litvaya hücumun bu ilin payızında mümkün olduğunu irəli sürüb. Polşa da öz növbəsində müdafiəsinin zəif olduğunu bilir. Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri general Dariusz Lukovski qeyd edib ki, Rusiya ilə müharibə olacağı təqdirdə ölkə sursat çatışmazlığı səbəbindən yalnız bir-iki həftə dayana bilər. Bəzi silah növləri hərbi əməliyyatlar başlayandan sonra beş gün ərzində tükənəcək.