Yunanıstanın Santorini adasını 11 mindən çox insan tərk edib – ÖZƏL
14:51 DünyaYunanıstanın Santorini adasında baş verən iki zəlzələdən sonra 11 mindən çox insan adanı tərk edib, daha minlərlə insan isə evakuasiya olunmağa hazırlaşır.
Olaylar.az xəbər verir ki, çərşənbə günü axşam və cümə axşamı səhər saatlarında adanın yaxınlığında 5,2 və 4,7 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Bundan əlavə, gecə yarısından səhər saat 6:30-a qədər həmin ərazidə 57 zəif yeraltı təkan baş verib. Son bir həftə ərzində, 28 yanvardan etibarən Santorini və Amorgos adaları arasındakı bölgədə 500-dən çox kiçik zəlzələ qeydə alınıb.
Yunanıstan hökuməti əvvəlcə ada sakinlərini və turistləri təmkinli olmağa çağırsa da, cümə axşamı günü 7 min insan dəniz yolu ilə, 4 min nəfər isə hava yolu ilə Santorini adasından çıxıb.
Seysmoloqların ilkin qiymətləndirmələrinə görə, güclü yeraltı təkanlar təxminən 5 kilometr dərinlikdə baş verib. Ada ərazisində ciddi dağıntılar qeydə alınmasa da, yerli hakimiyyət orqanları vəziyyətin müxtəlif ssenarilərini nəzərə alaraq tədbirlər görməyə hazırlaşır.
Afina Geodinamik İnstitutunun mütəxəssisləri, bölgədə baş verən yeraltı təkanların davam etdiyini və bir çoxunun artıq zəif təkanlar kateqoriyasına daxil olmadığını bildirirlər, çünki onların maqnitudası 4 baldan yüksəkdir.
Alimlər bu prosesin son dərəcə intensiv və qeyri-adi geoloji hadisə olduğunu qeyd edirlər. Santorini vulkanik adalar zəncirinə daxil olsa da, Yunanıstan hakimiyyəti bu seysmik aktivliyin vulkanik deyil, tektonik hərəkətlərlə bağlı olduğunu bildirir.
Santorini dünyanın ən məşhur turizm istiqamətlərindən biridir və hər il milyonlarla insan tərəfindən ziyarət edilir. Lakin hazırda turizm mövsümü olmadığı üçün adanı tərk edənlərin əksəriyyətini yerli sakinlər və burada çalışan xarici işçilər təşkil edir.