Netanyahu Trampa “Hizbullah” əleyhinə əməliyyata həsr olunmuş hədiyyə verdi – ÖZƏL

İsrailin Baş Naziri Binyamin Netanyahu Vaşinqtona səfəri zamanı ABŞ Prezidenti Donald Trampa "Hizbullah"a qarşı əməliyyata ithaf olunmuş adi və qızıl suyuna çəkilmiş iki peycer hədiyyə edib. 

Olaylar.az xəbər verir ki, bu barədə The Times of Israel "12-ci kanal"a istinadən məlumat yayıb.

Məlumata görə, Tramp hədiyyəyə "Bu, möhtəşəm əməliyyat idi" deyə cavab verib. O, Netanyahuyə üzərində "Bibi, böyük liderə" yazılmış birgə fotoşəklini də təqdim edib.

İsrail Baş Nazirinin ofisinin müşaviri Dmitri Hendelman da TASS agentliyinə Netanyahunun Trampa iki peycer hədiyyə etdiyini təsdiqləyib.

Qeyd edək ki, 17 sentyabrda Livanda, "Hizbullah"ın rabitə vasitəsi kimi istifadə etdiyi peycerlər ardıcıl partlayıb. Ertəsi gün eyni şəkildə rabitə cihazlarının da partladıldığı bildirilib. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, partlayışlar nəticəsində azı 37 nəfər, o cümlədən uşaqlar ölüb, təxminən 3 min nəfər isə yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31