Alimlər Ayın geoloji aktivliyinin davam etdiyini aşkarlayıb– ÖZƏL

Olaylar.az xəbər verir ki, alimlər Ayın görünməyən tərəfində son dövrlərdə baş vermiş geoloji proseslərin izlərini aşkar ediblər. Burada Ay səthindəki gərginlik nəticəsində yaranmış çoxsaylı qırışlar və silsilələr müşahidə olunub. Əvvəllər bu strukturların milyardlarla il əvvəlki hadisələrin qalığı olduğu düşünülürdü. Lakin yeni araşdırmalar onların daha yaxın keçmişdə formalaşdığını göstərir.

Ayın səthində, əsasən bazalt lavalarından ibarət olan "dənizlər", qıvrımlı və damarvari strukturlarla örtülüb. Alimlər bunun səbəbini Ay qabığının sıxılması və peykin zamanla soyuyub kiçilməsi ilə izah edirlər. Uzun müddət Ayda bütün geoloji proseslərin milyardlarla il əvvəl başa çatdığı güman edilirdi. Lakin "Apollon" missiyası çərçivəsində yerləşdirilmiş seysmometrlər Ayda yeraltı təkanlar - "aytətimləri" qeydə alıb. Bu isə onun daxili aktivliyinin hələ də davam etdiyini göstərir.

ABŞ-nin Smitsonian İnstitutu və Merilend Universitetinin alimləri Ayın cənub qütbündə yerləşən Eyken hövzəsində çoxsaylı yeni silsilələr müəyyən ediblər. Bu hövzə 2 500 km diametrə malik ən iri Ay krateri hesab olunur və 4 milyard ildən çox əvvəl böyük bir asteroidin toqquşması nəticəsində yaranıb.

Tədqiqatçılar bu strukturların yaşını müəyyən etmək üçün krater sayma metodundan istifadə ediblər. Daha çox kraterin olduğu yerlər daha qədim, daha az krater olan bölgələr isə daha gənc sayılır. Eyni zamanda, kraterlərin səthindəki tündləşmə dərəcəsi də onların yaşını qiymətləndirməyə kömək edib. Təhlillər göstərib ki, bu qırışlı silsilələr təxminən 160 milyon il əvvəl formalaşmağa başlayıb. Geoloji zaman ölçülərinə görə bu, çox qısa bir dövrdür.

Bu kəşf Ayın daxili aktivliyinin hələ də davam etdiyini sübut edir. Alimlər ehtimal edirlər ki, bu proses peykin orbitindəki tədrici dəyişikliklərlə bağlı ola bilər. Yeni məlumatlar fundamental elmi araşdırmalar üçün əhəmiyyətli olmaqla yanaşı, gələcək Ay missiyalarının və orada daimi bazaların qurulması planlarının hazırlanmasında da mühüm rol oynaya bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31