Tramp Misir və Ürdünün Qəzza sakini fələstinliləri qəbul edəcəyinə əmin olduğunu bildirib – ÖZƏL
13:23 DünyaABŞ Prezidenti Donald Tramp Misir və Ürdünün Qəzza zolağında İsrailin hərbi əməliyyatları nəticəsində evsiz qalan fələstinliləri qəbul edəcəyinə inandığını açıqlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə Tramp çərşənbə günü Ağ Evdə jurnalistlərlə söhbətində məlumat verib.
Tramp sualı cavablandıraraq deyib ki, "Onlar (Misir və Ürdün) bunu edəcəklər. Biz onlar üçün çox şey edirik və onlar bunu edəcəklər." Prezident 25 yanvarda verdiyi açıqlamada Qəzza sakini 1,5 milyon fələstinlini ərəb ölkələrində yerləşdirmənin mümkün olduğunu bildirmişdi. O, bu məsələnin Ürdün Kralı Abdullah II ilə müzakirə olunduğunu və yaxın zamanda Misir Prezidenti Əbdülfətah əl-Sisi ilə telefon danışığı zamanı da bu mövzunu gündəmə gətirəcəyini vurğulayıb. Ancaq 26 yanvarda Ürdünün Xarici İşlər Naziri Ayman Safadi fələstinliləri Qəzzadan zorla köçürülməsinin əleyhinə olduğunu bildirib. Eyni zamanda, Misirin Xarici İşlər Nazirliyi də fələstinlilərin hüquqlarının, xüsusilə də torpaq hüquqlarının pozulmasının qəbul edilməz olduğunu qeyd edib.