Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİB
28 Dekabr 2023 13:15 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti" Regional İctimai Təşkilatının sədri Bəxtiyar Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Olaylar.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Moskvada yaşayan bütün azərbaycanlılar adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.
Fəxr edirik ki, Sizin kimi dünyanın ən nüfuzlu liderlərindən biri olan Prezidentimiz var. Sizin və rəşadətli Ordumuzun böyük uğurları sayəsində biz azərbaycanlılar indi qürurla, alnıaçıq yaşayır və çalışırıq. Siz layiqli övlad kimi Ümummilli Lider Heydər Əliyevin arzularını həyata keçirdiniz, vəsiyyətini yerinə yetirdiniz, adınızı tarixə qızıl hərflərlə yazdınız. Siz öz fəaliyyətinizlə Azərbaycana sevginizi nümayiş etdirərək onun müstəqilliyini möhkəmləndirdiniz, ərazi bütövlüyünü tam təmin etdiniz, təhlükəsizliyini, hərtərəfli siyasi və iqtisadi inkişafını təmin etdiniz, xalqın rifahı naminə böyük işlər gördünüz. Sizə bütün təşəbbüslərinizdə uğurlar diləyirik.
Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2024-cü il münasibətilə də təbrik edirik. Gələn il keçiriləcək prezident seçkilərində Sizə inamlı qələbə arzulayırıq".
****
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının İdarə Heyətinin sədri Ədalət Turan və Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, professor Əmirulla Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Olaylar.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimizi, ən xoş arzularımızı çatdırırıq. Sizin rəhbərliyinizlə son 20 ildə Azərbaycanda gedən inkişaf prosesləri, ordu quruculuğu, 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması, Vətənin bütün ərazilərində üçrəngli Bayrağımızın dalğalanması hər bir azərbaycanlıya qürur hissi yaşadıb. Qədirbilən Azərbaycan xalqı Sizə, rəşadətli Ordumuza minnətdardır və bunu heç zaman unutmayacaq.
Siz bu il anadan olmasının 100-cü ildönümünü qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdiniz. Bundan böyük xoşbəxtlik ola bilməz. Biz Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı elm adamları olaraq Sizinlə nə qədər qurur duysaq, azdır. Sizin adınız Azərbaycanımızın tarixinə qızıl hərflərlə həkk olunub.
Bu günlərdə Siz 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə Sərəncam imzaladınız. Hesab edirik ki, tarixi Zəfərdən və Azərbaycanın ərazi bütövlüyünün tam bərpasından sonra yeni prezident seçkilərinin keçirilməsi zərurət idi. Təbii ki, Siz peşəkar siyasətçi olaraq zamanın bu çağırışını doğru qiymətləndirdiniz və cəsarətli addım atdınız. Dünyanın hər yerində yaşayan Azərbaycan vətəndaşları kimi, Türkiyədə yaşayan azərbaycanlı elm adamları da hər zaman olduğu kimi, bu seçkilərdə də iştirak edərək Sizə - Müzəffər Ali Baş Komandanımıza səs verəcəklər. İnanırıq ki, bu seçkilərdə də zəfər Sizin olacaq. Azərbaycanın Sizin kimi müdrik liderə ehtiyacı var.
Cənab Prezident, biz elm adamları hər zaman Vətənimiz Azərbaycanın adını uca tutmaq üçün səy göstərəcəyimizə söz veririk.
Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq".