"Ermənistan iqtisadi baxımdan Rusiyadan asılıdır" - Erməni deputat

Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" partiyasının deputatı Babken Tunyan ölkəsinin iqtisadi baxımdan Rusiyadan asılı olduğunu bildirib.

Olaylar.az xəbər verir ki, deputat bunu Ermənistanın ictimai televiziyasının efirində deyib.

"Biz bütün mənalarda - enerji daşıyıcıları, bazarlar, xaricdən gələn pullar və Rusiyada işləyən Ermənistan vətəndaşları baxımından Rusiyadan asılıyıq", - deyə o qeyd edib.

Deputatın sözlərinə görə, bir ölkədən asılı olmaq həmin ölkə ilə münasibətdən asılı olmayaraq daima təhlükə mənbəyidir. Bununla yanaşı o siyasi ixtilafların Ermənistan iqtisadiyyatına mənfi təsir göstərməyəcəyinə ümid etdiyini bildirib.

B.Tunyan Ermənistanın iqtisadiyyatını diversifikasiya etməyə çalışdığını qeyd edib.

"Biz son illərdə günəş enerjisini əhəmiyyətli dərəcədə inkişaf etdirmişik. Bu gün günəş enerjisi ümumi enerji istehlakımızın təqribən 10 faizini təmin edir. Enerji səmərəliliyi proqramları həyata keçirilir, yeni atom stansiyası məsələsi ilə bağlı müzakirələr aparılır: bu diversifikasiyanı dərhal təmin etmək mümkünsüz olmasa da, çox çətindir", - o deyib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31