Qəzzanı tərk etməyə icazə verilən əcnəbilərin siyahıları açıqlanıb- ÖZƏL
1 Noyabr 2023 10:10 DünyaHəmas Qəzza zolağını tərk etməyə icazə veriləcək əcnəbi vətəndaşların, ikili vətəndaşlığı olan fələstinlilərin, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin və QHT əməkdaşlarının siyahılarını açıqlayıb. Olaylar.az rus mediasına istinadən xəbər verir ki,
Fələstin hərəkatı tərəfindən yayılan bəyanatda bu halın Yaponiya, Avstriya, Çexiya, Finlandiya, Avstraliya, Bolqarıstan, İndoneziya və İordaniya vətəndaşlarına şamil olunduğu bildirilib. Bundan əvvəl Fələstin HƏMAS hərəkatının hərbi qanadı sayılan İzzəddin əl-Qəssam briqadaları girov götürülən əcnəbiləri tezliklə azad edəcəklərini vəd etmişdilər. Oktyabrın 29-da İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi briqada generalı Daniel Hagari Həmas girovlarının sayının 230 nəfərə çatığını və onların sayının daim dəyişdiyini bildirmişdi.
Qeyd edək ki, İsrail-Fələstin qarşıdurmasında ölən və yaralıların sayı günü-gündən artmaqda davam edir. İsrail rəsmiləri Qəzzadan həyata keçirilən hücumlarda 317-si əsgər olmaqla 1400-dən çox israillinin öldüyünü, 5132 nəfərin isə yaralandığını açıqlayıb.
Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində 3542-si uşaq, 2187-si qadın olmaqla 8525 fələstinlinin həlak olduğunu, 21643 nəfərin isə yaralandığını açıqlayıb. İşğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudi məskunlaşanların hücumları nəticəsində 126 fələstinli ölüb, təxminən 2 min fələstinli yaralanıb. İsrail ordusu oktyabrın 26-da məhdud quru əməliyyatlarını genişləndirməyə başlayıb və hava zərbələrinin sayını daha da artırıb.
Minlərlə yaralı və mülki vətəndaşın olduğu Qəzzanın ən böyük səhiyyə müəssisəsi olan Şifa xəstəxanası da İsrail ordusunun hədəfində olub. Oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında gedən qarşıdurmalarda indiyədək 48 Hizbullah üzvü və 4 İsrail əsgəri həlak olub.