Mahaçqalada baş verən iğtişaşlarda İsrail vətəndaşları xəsarət almayıb - Səfir - ÖZƏL

Bir gün əvvəl Mahaçqala hava limanında baş verən iğtişaşlarda İsrail vətəndaşları xəsarət almayıb, onların hamısı çıxarılıb və artıq bu şəhəri tərk ediblər.

Olaylar.az xəbər verir ki, bunu RTVI-ya müsahibəsində İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi deyib.

"Xoşbəxtlikdən təyyarədə olanlardan heç kim xəsarət almayıb" dedi.

Diplomatın sözlərinə görə, təyyarədə İsrail və Rusiya pasportu olan vətəndaşlar da olub, yalnız İsrail və ya yalnız Rusiya pasportu olanlar da olub.

"Məsələn, xərçəng müalicəsi üçün İsrailə gedən uşaqlar. Onların hamısı bu dəhşətli vəziyyətə düşdülər. Xoşbəxtlikdən onlara heç nə olmayıb - hamısı çıxarılıb və artıq Mahaçqalada deyillər", - deyə səfir davam edib.

O, həmçinin antisemitizmin hər hansı təzahürünü "dəhşətli fenomen" adlandırıb.

Oktyabrın 29-da Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda Tel-Əvivdən Dağıstana gələn müntəzəm reyslə əlaqədar Mahaçqala hava limanında kütləvi iğtişaşlar baş verib. Yüzlərlə insan hava limanının binasına və aerodroma daxil olub. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onları sıxışdırıb çıxara biliblər.

Son məlumatlara görə, insident nəticəsində polis əməkdaşları da daxil olmaqla 20-dən çox insan xəsarət alıb. 60 iğtişaşçı saxlanılıb. Dağıstan hakimiyyəti, eləcə də dini liderlər hadisəni pisləyib və onu kənar təxribatla əlaqələndiriblər. Kreml həmçinin Mahaçqaladakı iğtişaşları "xarici təsir"lə əlaqələndirib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Kiyev rejiminin Dağıstan hadisələri ilə bağlı ola biləcəyini bəyan etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31