İsrail-Fələstin münaqişəsində "humanitar fasilə" gözlənilir - ÖZƏL

Olaylar.az türk mediasına istinadən xəbər verir. Avropa İttifaqı liderlərinin Qəzzaya humanitar yardımın çatdırılmasına imkan verəcək "humanitar fasilə və ya fasilə çağırışları" barədə razılığa gəlməsi gözlənilir. İki gün davam etməsi planlaşdırılan Aİ Liderlər Zirvəsi sabah Brüsseldəki Aİ Şurasının binasında başlayacaq.

Rəsmilərin verdiyi məlumata görə liderlərin İsrail-Fələstin münaqişəsində İsrailə dəstəyi təsdiqləmələri, HƏMAS-ın hücumlarını bir daha pisləmələri və İsrailin bombardmanları altında olan Qəzzaya humanitar yardımın çatdırılmasını müzakirə etmələri gözlənilir. Humanitar yardımın çatdırılmasını təmin etmək üçün münaqişələrdə "humanitar fasilə və ya fasilələr" çağırı nəzərdən keçirilməlidir. Bu məsələ ilə bağlı sammitin yekun bəyannaməsinə daxil ediləcək bəyanatlarla bağlı danışıqlar davam etdirilir. Mətndəki ifadələrlə bağlı bəzi ölkələrin qeyd-şərtləri olduğu bildirilib. Liderlərin sabahkı görüşündə danışıqların yekunlaşacağı gözlənilir. Aİ ölkələrinin xarici işlər nazirləri bazar ertəsi keçirilən iclasda "humanitar fasilə və ya fasilələr" çağırışı ilə bağlı razılığa gələ bilməyiblər və məsələ Aİ Liderlər Zirvəsinin öhdəsinə buraxılıb. Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi bu gün verdiyi açıqlamada Aİ ölkələri arasında humanitar fasilə çağırışına dəstəyin artdığını qeyd edib. Bildirib ki, liderlər humanitar yardımın Qəzzaya tez, təhlükəsiz və maneəsiz çatdırılmasını müzakirə edəcəklər və tibbi xidmət, yanacaq, qida, su kimi əsas ehtiyacların necə qarşılanacağına diqqət yetirəcəklər. Aİ Liderlərinin Zirvə görüşündə Rusiyaya qarşı mübarizə aparan Ukraynaya dəstəyin davam etdirilməsi də müzakirə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31