Xuzistan vilayətində Atom Elektrik Stansiyasının tikintisinə başlanıb - İranın vitse-prezidenti

Ötən günlərdə İranın cənub-qərbində yerləşən Xuzistan vilayətində "Karun" Atom Elektrik Stansiyasının tikintisinə başlanıb.

Olaylar.az-ın məlumatına görə, bunu İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının sədri Məhəmməd Eslami bu gün Tehranda Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

M.Eslaminin sözlərinə görə, bu stansiya istifadəyə verildiyi halda 300 meqavatt elektrik istehsal etmək gücündə olacaq.

Eslami əlavə edib ki, bu stansiyanın tikintisi istiqamətində həmin məkanın su və elektriki təmin olunmalıdır. Bu məqsədlə hazırda 24 meqavatlıq CHP (compined heat and power) elektrik stansiyası və dəniz suyunun duzsuzlaşdırılması üzrə obyekt tikilir.

Vitse-prezident bildirib ki, həmçinin, "Karun" AES-nin avadanlıqlarının istehsal olunması məqsədilə yerli şirkətlərlə müqavilələr imzalanıb.

Qeyd edək ki, "Karun" Atom Elektrik Stansiyasının 8 il ərzində tikiləcəyi və 2 milyard dollar dəyərində vəsaitin xərclənəcəyi gözlənilir.

(Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31