Azərbaycan təyyarəsi Almaniyada məcburi eniş etdi
24 Avqust 2023 18:49 DünyaAzərbaycanın "Silk Way Airlines" aviaşirkətinə məxsus İl-76 nəqliyyat təyyarəsi Leypsiqdən (Almaniya) havaya qalxdıqdan qısa müddət sonra hidravlik sistemində nasazlıq yaranıb və uzun müddət yanacaq yandırdıqdan sonra hava limanına qayıtmağa məcbur olub.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Bildirilir ki, AZQ4117 reysi Leypsiq - Qao (Mali) marşrutu üzrə hərəkət etməli idi.
"Təyyarənin hidravlik problemləri yarandı və yenidən Leypsiqə qayıtmalı idi. Pilotlar eniş ağırlığına çatmaq üçün kerosin yandırdılar", - Almaniyanın Hava Nəqliyyatına Nəzarət İdarəsinin sözçüsü Robert Ertler deyib.
Bildirilib ki, yanacaq yandırmaq üçün İl-76 pilotları Erfurt şəhəri üzərində 11 dövrə vurdular ki, bu da təxminən üç saat çəkdi. Yerli vaxtla saat 13:54-də təyyarə Leypsiq/Halle hava limanına enib.