“Qisas gözlənilən idi…”- Dünya mediası Priqojinin ölümündən nə yazır? - FOTOLAR
24 Avqust 2023 13:03 Dünya"Vaqner"in qurucusu Yevgeni Priqojinin ölümü dünyanın aparıcı media orqanlarının əsas gündəm mövzusu olub.
Olaylar.az xarici mətbuata istinadən onlardan bir qismini təqdim edir:
"Politico", ABŞ
"İyul ayında Aspendə təhlükəsizlik forumunda ABŞ dövlət katibi Entoni Blinken demişdi: "Mən Priqojinin yerində olsaydım, yenə də çox narahat olardım. NATO-nun açıq qapı, Rusiyanın açıq pəncərə siyasəti var", - "Politico" yazıb.
"Financial Times", Böyük Britaniya
"Priqojin Rusiya təhlükəsizlik qüvvələrinə yenidən inteqrasiya olunsa da, ABŞ rəsmiləri ondan qisas alınacağını bildirirdilər. MKİ-nin direktoru Uilyam Berns ötən ay Aspendə keçirilən təhlükəsizlik forumunda deyib: "Putin ümumiyyətlə, qisas almağın ən yaxşı soyuq yemək olduğunu düşünən biridir. Mənim təcrübəmə görə, Putin hesablaşmanın ən böyük tərəfdarıdır, ona görə də Priqojin qisasdan yaxa qurtara bilsə, təəccüblənərəm", - "Financial Times".
"Fransa 24", Fransa
"Rusiya prezidenti Vladimir Putinin hakimiyyətə gəlişindən bəri onun nüfuzuna ən böyük zərbə hesab oluanan qiyamdan sonra "Vaqner" qrupunun və onun mübahisəli lideri Yevgeni Priqojinin taleyi qeyri-müəyyən idi. Qəzanın məlum olmasından az sonra Ağ Evin sözçüsü Priqojinin ölümünün sürpriz olmayacağını dedi. Bu arada, Vladimir Putin İkinci Dünya müharibəsi zamanı baş vermiş Kursk döyüşünün 80 illiyi ilə bağlı çıxış edib. O, qəzadan danışmayıb və Ukraynada xüsusi hərbi əməliyyat zonasında cəsur və qətiyyətlə döyüşən rus əsgərlərini salamlayıb", - "Fransa 24".
"Bloomberg", ABŞ
"Əvvəlcə Priqojinin həqiqətən də təyyarənin göyərtəsində olması barədə heç bir təsdiq yox idi. Kremlə yaxın mənbə də "Vaqner" liderinin ehtiyat tədbirləri gördüyünü, o cümlədən iki təyyarədən istifadə etdiyini qeyd edərək bunu dərhal təsdiqləyə bilməmişdi. Qəza Priqojinin prezident Vladimir Putinin təxminən dörddə bir əsrlik hakimiyyəti üçün ən böyük təhlükəyə çevrilən qiyama rəhbərlik etməsindən düz iki ay sonra baş verib. Putin iyun qiyamını xəyanət kimi qiymətləndirmişdi...", - "Bloomberg".
"News24", Cənubi Afrika
"Vaqner müstəqil bir şirkət olduğunu iddia etdi, lakin bir çoxları tərəfindən Putinin aləti kimi görüldü. Və Priqojinin qiyam cəhdindən sonra Putin Rusiya dövlətinin ötən il "Vaqner"ə 18 milyard Cənubi Afrika randı maliyyə ayırdığını açıqladı. Həmçinin qiyamdan sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov Mali və Mərkəzi Afrika Respublikasında "Vaqner" əməliyyatlarının hökumətlərarası səviyyədə razılaşdırıldığını bildirib.
Afrika qitəsində "Vaqner" münaqişə zonalarının əvəzolunmaz atributu idi. Bu yaxınlarda, Nigerdəki çevrilişdən sonra "Vaqner" çevriliş liderlərinin potensial müttəfiqi kimi ortaya çıxdı.
Ümumilikdə, şirkət 13 müxtəlif Afrika ölkəsi ilə işləyir və ya danışıqlar aparır. Priqojinin uğursuz qiyamı "Vaqner"in dağılacağına ümidləri artırdı, lakin Rusiya onu dövlət müəssisəsi kimi saxladı və Afrikanın bir çox yerlərində fəaliyyətini davam etdirir", - "News24".
"Hindustan Times", Hindistan
"Yevgeni Priqojinin taleyi onilliklər ərzində Kremllə sıx bağlı olub. O, dövlət müqavilələrinin etibarlı icraçısı idi, Ukraynada döyüşən "Vaqner" muzdlu qrupuna rəhbərlik edirdi və Suriya və Afrikada Rusiya üçün "çirkli işlər" görməkdə ittiham olunurdu. Lakin o, iki ay əvvəl adamlarını Moskvaya çevirəndən bəri Rusiyada və ondan kənarda çoxları onun nə qədər davam edə biləcəyi ilə maraqlanmağa başladılar. Onun bu addımı Rusiya prezidenti Vladimir Putini qəzəbləndirmişdi. Priqojin Putin və Belarus lideri ilə özü və üsyanda iştirak edənlər üçün təhlükəsiz sığınacaq barədə danışıqlar aparmışdı. Lakin vaxtaşırı Rusiyada peyda olurdu və ötən həftə də muzdluların işə götürülməsi ilə bağlı videoçarx yaymışdı", - "Hindustan Times".
"CNN Türk", Türkiyə
"Professor Mesut Hakkı Kassin dedi: "Hadisə ilə bağlı hesabat açıqlanmadan bir şey söyləmək düzgün olmazdı, amma içəridə bomba olduğunu güman edirəm. Adi təyyarə qəzası olması şansı yoxdur...".
Təhlükəsizlik və terrorla mübarizə üzrə ekspert Coşkun Başbuq qeyd edir: "Vaqner" Afrikada ciddi gücə malikdir və Ukraynadakı münaqişə "Vaqner"I kifayət qədər qanuniləşdirib. Düşünürəm ki, yeni boz zonanın yaranması qrupun xarakterinə, Putinin planına ziddir. Bu qəza Afrikada çıxış etdikdən sonra baş verib. Düşünürəm ki, bu, Qərbin dəstəklədiyi oyunun bir hissəsi ola bilər. Priqojin getsə belə, "Vaqner" hələ bitməyib", - "CNN Türk".
"Africa Times", Fransa
"Priqojin vaxtilə prezident Vladimir Putinə yaxın idi, lakin Rusiya ilə Ukrayna arasındakı münaqişə və iyunda Moskvaya yürüş fonunda münasibətləri pisləşdi. Birləşmiş Ştatlar yanvar ayında Ukraynadakı "Vaqner" qrupunun üzvlərinin sayını 50 min (10 min müqaviləli əsgər və məhbuslar arasından 40 min muzdlu) kimi qiymətləndirib.
Son videomesajında Priqojin Afrikada uzun müddətdir Sahel bölgəsində və ondan kənarda "Vaqner" qrupunun fəaliyyətinə nəzarət etdiyini iddia etdi. Kəşfiyyat məlumatlarına görə, avqustun 19-da o Malidə olub"., -"Africa Times".
Azpost.info












