ABŞ və İtaliya terrorla mübarizədə əməkdaşlığı inkişaf etdirəcək- ÖZƏL
28 İyul 2023 11:36 DünyaABŞ və İtaliya Ukraynaya verilən dəstəyin davam etdirilməsi, immiqrantlar, terrorizm, Afrika ölkələri və Çinlə əlaqələr də daxil olmaqla bir çox məsələlərdə əməkdaşlığı davam etdirəcəklərini vəd ediblər.
Olaylar.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden və İtaliyanın baş naziri Giorgia Meloni Ağ Evdəki görüşdən sonra birgə bəyanatla çıxış ediblər. Liderlər təsdiq ediblər ki, NATO-nun Vilnüsdə keçirilən Sammiti transatlantik münasibətlərin birliyini və gücünü, eləcə də alyansın çətinliklər qarşısında çəkindirmə və müdafiəni uyğunlaşdırmaq qabiliyyətini nümayiş etdirib. ABŞ və İtaliyanın BMT Nizamnaməsinə, Ukraynanın suverenliyinə,ərazi bütövlüyünə hörmət edən ədalətli və davamlı sülhə nail olmaq məqsədi ilə Ukraynaya siyasi, hərbi, iqtisadi və humanitar yardımlarını davam etdirəcəklərini vurğulayan liderlər, enerji və ərzaq təhlükəsizliyi kimi müharibənin nəticələrinin aradan qaldırılmasının zəruriliyinə diqqət çəkiblər.
Ukrayna taxılının Qara dənizdən ixracına icazə verilməsinin vacibliyinə diqqət çəkən Bayden və Meloni Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsündən birtərəfli qaydada çıxmasını pisləyiblər. İki lider İtaliyanın 2024-cü ildə G7-yə və 2025-ci ildə Ukraynanın Yenidənqurma Konfransına ev sahibliyi etməklə oynayacağı rola toxunaraq, Ukraynanın yenidən qurulmasında daha çox koordinasiyaya söz veriblər.