Yaxın Şərqdə gərginlik artır... ABŞ minlərlə əsgər göndərəcək- ÖZƏL
21 İyul 2023 15:31 DünyaABŞ İranın Fars körfəzindəki ticarət gəmilərinə müdaxiləsinə qarşı Yaxın Şərqə əlavə hərbi gəmilər və minlərlə dəniz piyadası göndərmək qərarına gəlib.
Olaylar.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) verilən yazılı açıqlamada, ABŞ-ın müdafiə naziri Lloyd Austin-in Yaxın Şərqə amfibiya gəmisi və ekspedisiya işgüzar qrupunun göndərilməsini təsdiqlədiyi bildirilib. Açıqlamada gəminin və bölmənin adı ilə bağlı məlumat verilməyib. Adının açıqlanmasını istəməyən rəsmilər USS Bataan amfibiya gəmisinin və 2500 əsgərdən ibarət 26-cı Dəniz Piyadaları Ekspedisiya Qrupunun bölgəyə getdiyini bildirib.
USS Bataan ilə yanaşı, "USS Mesa Verde" və "USS Carter Hall" adlı döyüş gəmilərinin də bölgəyə yönəldildiyini qeyd edən səlahiyyətlilər, sözügedən gəmilərin ayın əvvəlində Virciniya ştatının Norfolk limanından ayrıldığını qeyd edib.
ABŞ İranın ayın əvvəlində Hörmüz boğazında iki neft tankeri gəmisini ələ keçirməyə cəhd etdiyini və bir gəmiyə atəş açdığını açıqlayıb. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) iyulun 17-də verdiyi açıqlamada İranın Fars körfəzi və ətrafında ticarət gəmilərini ələ keçirmək cəhdlərindən sonra USS Thomas Hudner esminesi və F-35 döyüş təyyarələrinin bölgəyə göndərilməsinə qərar verildiyi bildirilib.