Aİ-dən böyük ərzaq böhranı alarmı- ÖZƏL
20 İyul 2023 16:02 DünyaAvropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsü sazişindən çıxmasından sonra Ukrayna limanlarını bombaladığını, böyük miqdarda taxıl yandırdığını və son hadisələrin böyük ərzaq böhranına gətirib çıxaracağını bəyan edib.
Aİ xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək iclasından əvvəl jurnalistlərə açıqlama verən Borrell, Ukraynadakı vəziyyətin gündəmin əsas bəndlərindən olduğunu bildirib.
Rusiya ordusunun son bir neçə gündə Ukraynanın Odessa limanında infrastrukturu bombaladığını, 60 min ton taxılın yandığını bildirən Borrell, "Rusiya təkcə taxıl müqaviləsindən çəkilməyib. Həmçinin, taxılları yandırır" deyib.
Ukrayna xarici işlər naziri Dmitro Kulebanın da görüşə videokonfrans vasitəsilə qoşulacağını qeyd edən Borrell, uzunmüddətli perspektivdə Ukraynaya necə dəstək veriləcəyini müzakirə edəcəklərini bildirib.
Ukraynaya hərbi dəstək üçün istifadə edilən Avropa Sülh Fondunun çox ciddi məbləğdə artırılmasının lazım olduğunu, bunun üçün plan hazırladığını və nazirlərin planı təsdiqləyəcəyinə ümid etdiyini bildirib.
Hazırladığı təkliflə bağlı rəqəmlər açıqlamayan və əvvəlcə nazirlərin razılığını almalı olduğunu deyən Borrell, "Ukraynanın aydan aya deyil, uzunmüddətli struktur və davamlı dəstəyə ehtiyacı var" ifadəsini işlədib.
Beynəlxalq mətbuatda AB-nin Ukraynaya uzunmüddətli hərbi dəstək üçün 20 milyard avro əlavə maliyyə ayırmağa hazırlaşdığı iddia edilib.