Abdullahian Lavrova ZƏNG ETDİ (YENİLƏNİB)

İran XİN başçısı Hüseyn Əmir Abdullahian rusiyalı həmkarı Sergey Lavrova zəng edib.

Olaylar.az Axar.a-a istinadən xəbər verir ki, iranlı nazir Moskvada Körfəz Əməkdaşlıq Şurasının 6-cı strateji toplantısının bəyanatında Körfəzdəki adalarla bağlı mövqeyə etiraz edib.

Əmir Abdullahian Rusiya və Fars körfəzi ölkələrinin birgə bəyanatında Kiçik Tunb, Böyük Tunb və Əbu Musa adalarının BƏƏ-yə məxsus olduğunun əks olunmasına "təəccübləndiyini" bildirib və bu adaların İran ərazisi olduğunu vurğulayıb.

Lavrov Rusiyanın BMT Nizamnaməsinin bütün prinsiplərinə, o cümlədən ölkələrin ərazi bütövlüyü və müstəqilliyinə sadiq qaldığını qeyd edib və Rusiyanın İranın ərazi bütövlüyü və müstəqilliyinə heç bir şübhəsi olmadığını vurğulayıb.

Daha sonra nazirlər iki ölkə arasında əlaqələrin yüksələn xətt üzrə getdiyini qeyd edib, müxtəlif sahələrdə əməkdaşlığı daha da inkişaf etdirmək istəklərini vurğulayıblar. Onlar həmçinin Qafqazda baş verən son hadisələri müzakirə ediblər və İran, Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstanın daxil olduğu 3+3 formatı kimi regional məsləhətləşmələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər.

Söhbət zamanı dörd ölkənin - İran, Rusiya, Türkiyə və Suriyanın xarici işlər nazirlərinin ikinci görüşünün keçirilməsi məsələsinə baxılıb.

Tərəflər həmçinin iki ölkə arasında dostluq münasibətlərinə hörmət və ehtiram göstərilməsinin vacibliyini vurğulayıblar və İran və Rusiya arasında strateji sazişin hazırlanmasının son mərhələlərini müzakirə ediblər.

Qeyd edək ki, "3+3" (Azərbaycan-Gürcüstan-Ermənistan və Rusiya-Türkiyə-İran) formatını İkinci Qarabağ savaşından sonra Prezident İlham Əliyev təklif etmiş və regional məsələlərin həlli üçün bu platformanın yaradılmasını məqbul saymışdı. Türkiyə bu formatı dəstəkləsə də, İran yeni reallığı qəbul etməyərək, Azərbaycana qarşı Ermənistanı dəstəkləmək siyasətini həyata keçirməyə başladı.

Hazırda Azərbaycanla Ermənistan arasında Brüssel formatında görüşlərin intensivləşdiyi və sülh sazişi ilə bağlı danışıqlarda irəliləyişlərin olduğu bir vaxtda İranla Rusiyanın regional məsələləri regional ölkələrlə həll etməyi "yadlarına salması" birmənalı qarşılana bilməz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31