Ukraynanın qələbə çalacağına şübhə yoxdur - ÖZƏL
21 İyun 2023 10:58 Dünya"Rusiyanın qeyri-adekvat dövlət kimi nə edəcəyini proqnoz etmək mümkündür. Məsələ ondadır ki, Rusiya sivil dövlət deyil. Onun mahiyyəti təcavüz üzərində qurulub".
Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov Rusiyanın Ukraynaya qarşı taktiki nüvə silahından istifadə edə biləcəyi mümkünlüyü barədə danışarkən səsləndirib. Onun sözlərinə görə, Rusiya tarixən elə bir coğrafiyada yerləşib ki, o, ətrafı düzənlik və meşəlik ərazilərlə əhatə olunub:
"Bu da onların hər zaman işğala uğramasına şərait yaradıb, çünki təbii manelər, yəni dağlar, dənizlər, yarğanlara və s. olmayan ərazinin müdafiəsi mümkünsüz olub. Bu səbəbdən Rusiya genişlənərək deyilən təbii maneələrə çıxana kimi genişlənməyə məcbur olub".
Azər Qasımov deyib ki, Şərqi Avropa Rusiyanın ən zəif nöqtəsidir: "Tarixən uzun əsrlər işğal altında qalan Rusiya ərazilərinin Pyotrdan sonra əldə etdiyi torpaqların müdafiəsi həyatı əhəmiyyət kəsb edir. İndi bu durumda Rusiyanın öz ərazilərini müdafiə etmək üçün hər yola əl atacağı şübhəsizdir".
Azər Qasımov onu da deyib ki, Qərbin Rusiyaya qapalı kanallarla nüvə silahı işlədilməsi durumunda verəcəyi cavab çatdırılıb: "Amma hesab edirəm ki, bunun əhəmiyyəti yoxdur. Rusiyanı həddən artıq qıcıqlandırmaq lazım deyil. Ukraynanın qələbə çalacağına şübhə yoxdur, amma elə etmək lazımdır ki, bu qələbə nəyəsə xidmət etsin. Hər şeyin məhv olmasına yox".