Beynəlxalq Enerji Agentliyi qlobal istiləşməyə qarşı çağırış edib- ÖZƏL

Olaylar.az xəbər verir ki, qlobal temperatur artımını 1,5 dərəcə selsi ilə məhdudlaşdırmaq və sıfır emissiya hədəflərinə nail olmaq üçün 2030-cu ilə qədər enerji səmərəliliyi sahəsində irəliləyiş tempini iki dəfə artırmalı və bu sahəyə investisiyalar 1,8 trilyon dollara çatmalıdır. 

Beynəlxalq Enerji Agentliyi (IEA) Fransanın Enerji Transformasiyası Nazirliyi və Schneider Electric şirkəti ilə birgə Versalda keçirilən 8-ci Qlobal Enerji Səmərəliliyi Konfransı çərçivəsində "Enerji Səmərəliliyi: Fəaliyyət üçün 10 il" adlı hesabatını dərc edib. Hesabata görə, ötən il dünyada enerji səmərəliliyi sahəsində irəliləyiş 2,2 faizə çatıb. Bu göstərici son 5 ilin orta göstəricisindən iki dəfə çoxdur. Qlobal enerji tələbatı yüzdə 1 artarkən, enerji səmərəliliyi tətbiqlərində təkmilləşmə olmasa, tələbat artımının üç dəfə çox olacağı hesablanıb. Ötən il qlobal enerji istehlakının 70 faizini təşkil edən ölkələr enerji böhranına qarşı səmərəlilik siyasətlərini və tədbirlərini gücləndiriblər. Enerji səmərəliliyi ilə bağlı genişmiqyaslı məlumatlandırma kampaniyaları təşkil edən 25 ölkə istehlakçıları yüksək ödənişlərdən qorumaq üçün 900 milyard dollar xərcləyib.İstehlakçıların hesablarını azaltmaq, yeni iş yerləri yaratmaq və istixana qazları emissiyalarını azaltmaq üçün enerji səmərəliliyi sahəsində irəliləyiş tempi ötən illə müqayisədə iki dəfə artmalı və 2030-cu ilə qədər hər il 4 faizə çatmalıdır. Bu il 600 milyard dollarlıq rekord səviyyəyə çatması gözlənilən qlobal enerji səmərəliliyi investisiyalarının 2030-cu ilə qədər 1,8 trilyon dollara yüksəlməsi lazımdır. Enerji səmərəliliyi sahəsində lazımi irəliləyişlə dünyada 12 milyon yeni iş imkanının yaradılacağı və 800 milyon insanın elektrik enerjisinə çıxışı olacağı proqnozlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31