İran mediası atomla bağlı mübahisəli məsələnin həll olunduğunu açıqlayıb- ÖZƏL

Olaylar.az xəbər verir ki,  İranla Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) arasında fikir ayrılığına səbəb olan iki məsələ həll olunub. İranın yarı rəsmi Mehr Xəbər Agentliyinin açıqlanmayan mənbələrə əsaslanaraq verdiyi xəbərə görə, İran Atom Enerjisi Agentliyi ilə MAQATE arasında aparılan son texniki danışıqlar nəticəsində iki məsələ həll edilib və bağlanıb. Bildirilib ki, İran MAQATE-yə məlumat verilmədiyi üçün mübahisə predmeti olan Abade obyekti və MAQATE tərəfindən Fordoda aşkar edilən 83,7 faiz zənginləşdirilmiş uranla bağlı iki məsələ həll olunub. Belə ki, İranla MAQATE arasında fikir ayrılığına səbəb olan bu iki məsələnin bağlandığı bildirilib. İsrailin baş naziri Benyamin Netanyahu 2019-cu ildə İranın Abade şəhəri yaxınlığında gizli nüvə obyektinin mövcudluğunu aşkar etdiklərini iddia edib. MAQATE də iddianı araşdırmaq üçün İranı bu məsələdə əməkdaşlığa çağırıb. Fevralın sonunda nəşr olunan və İranın hər üç aydan bir İdarə Heyətinə üzv dövlətlərlə paylaşdığı nüvə fəaliyyətlərindən bəhs edən hesabatında MAQATE Fordodakı obyektdə 83,7 faiz zənginləşdirilmiş uran hissəciklərinin aşkar edildiyini bildirdi. MAQATE-nin direktoru Rafael Mariano Grossi, martın 4-də İrana səfərindən sonra verdiyi açıqlamada, aşkarlanan uranın "stok" deyil, "hissəcik" olduğunu və hələ də İrandan mövzu ilə bağlı açıqlama gözlədiklərini bildirib. MAQATE-nin gələn həftə 35 üzvdən ibarət İdarə Heyətinin iclasından əvvəl İranın nüvə proqramı ilə bağlı rüblük hesabatını dərc edəcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31