Ərəb Liqasından Suriya bəyanatı- ÖZƏL

Ərəb Liqasının baş katibi Əhməd Əbu Qayt bəyan edib ki, Suriyanın Birliyə qayıtması bütün üzv dövlətlərin Suriya ilə əlaqələri bərpa edəcəyi mənasına gəlmir. Səudiyyə Ərəbistanının "Əl Ərəbiyyə" telekanalının xəbərinə görə, Ərəb Liqasının baş katibi Əhməd Əbu Qayt sabah Ciddədə keçiriləcək Ərəb Liqasının 32-ci Liderlər Zirvə Toplantısı öncəsi açıqlamalar verib. Əbu Qayt, "Suriyanın Ərəb Liqasına qayıtması ərəblərin Suriyadakı böhrana həll yolu tapmaq prosesini asanlaşdırmaq cəhdidir. Hər bir ölkə öz siyasətinə uyğun qərar verəcək" deyib.   Ərəb Liqası Suriyanın üzvlüyünü 12 noyabr 2011-ci ildə vətəndaş müharibəsi səbəbindən dayandırıb. Birliyə üzv ölkələrin xarici işlər nazirləri mayın 7-də Misirin paytaxtı Qahirədə keçirilən Ərəb Xarici İşlər Nazirləri Toplantısında Suriyanın Ərəb Liqasına qaytarılması ilə bağlı razılığa gəliblər. Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl-Tani dünən verdiyi açıqlamada, "Biz Suriyanın Ərəb Liqasına qayıtması ilə bağlı ərəb konsensusundan kənara çıxmaq istəmirik. Hər ölkənin öz qərarı var" ifadələrini işlədib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31