Krım tatar sürgünündən 79 il keçir...

15 dəqiqə ərzində yataqlarından çıxarıldılar, yurdlarından didərgin düşdülər... Krım tatar türkləri sovet rejimi tərəfindən 1944-cü il mayın 18-də heyvan vaqonlarına yüklənərək vətənlərindən sürgün edildilər.

Krım tatar türkləri Sovet İttifaqının lideri İosif Stalinin qərarı ilə mayın 18-nə keçən gecə 15 dəqiqə içində vətənlərindən aparılaraq qeyri-insani şəraitdə qatar vaqonları ilə Orta Asiyaya sürgün ediliblər.  Rus çarı II Yekaterinanın Krım tatar türklərini məhv etmək siyasəti ilə başlayan sürgünlər Sovet İttifaqı dövründə ənənəvi olaraq artıb. Rusiya isə bu siyasətlərini fərqli üsullarla davam etdirib. Krım tatar türk xalqının Krımın Osmanlı imperiyasının nəzarətindən çıxması ilə başlayan iztirabları bitməyib. Anadolu sürgün edilən Krım türklərinin ilk ünvanı olub. Rus çarizminin təzyiqi ilə çoxlu Krım tatar türkləri Osmanlı imperiyasına sığınıb.

İkinci Dünya Müharibəsinin başlamasından az sonra Krım yarımadasını itirən Sovet Rusiyası yarımadanı faşist Almaniyasından geri aldıqdan sonra Krım tatar xalqına təzyiq göstərməyə başlayıb. O dövrdə nasist Almaniyası ilə işbirliyində ittiham olunan Krım türklərinə bu bəhanələrlə yeni bir sürgün qapısı açıldı.

Sovet İttifaqının lideri İosif Stalin gizli fərmanla Krım tatarlarının Orta Asiyanın müxtəlif bölgələrinə sürgün edilməsini tələb edib. Qərardan sonra əksəriyyəti qoca, uşaq və qadın olmaqla 250 minə yaxın Krım tatarı 15 dəqiqə ərzində heyvanların daşındığı vaqonlara yüklənərək üç gün ərzində yeməksiz, susuz Orta Asiyaya sürgün edilib.

Susuzluq, aclıq, xəstəlik, əlverişsiz hava şəraiti kimi qeyri-insani şəraitdə vaqonlarda sürgün edilən ən az 150.000 insan bu sürgündə həyatını itirib. Sürgünlərində minimum yaşayış və sığınacaq imkanları olmayan Krım türkləri vətəndən uzaqlaşmanın acısı və həsrəti ilə vətən davasına sarıldılar. Sovet İttifaqı Xalq Daxili İşlər Komissarlığı deportasiya üçün 32 minlik təhlükəsizlik qüvvəsindən istifadə edib. 

Stalindən sonra Ukrayna Sovet Sosialist Respublikasına hədiyyə edilən Krım 2014-cü ildə yarımadanı qanunsuz olaraq ilhaq edən Rusiyanın nəzarətinə keçib. Krım tatar türk xalqının hazırkı lideri, Yekaterina dövründən bəri öz vətənində qalmaq üçün mübarizə aparan Mustafa Əbdülcəmil Kırmızıoğlu və Krım davasının bir çox tanınmış simaları indi öz vətənlərindən sürgün ediliblər. Başda Kırmızıoğlu olmaqla bir çox adın Krıma girişi Rusiya tərəfindən qadağan edilib. 

Rusiyanın yarımadanın qanunsuz ilhaqından sonra bir çox Krım tatarı vətənlərini tərk etməli olub.Bu mübarizəni beynəlxalq arenada diplomatik şəkildə davam etdirən Ukraynada yaşayan Krım tatarları hazırda Rusiyanın Ukraynada başlatdığı müharibə səbəbindən təhlükə altındadır. Rusiya ordusunun hücumlarından narahat olan Ukraynadakı bir çox Krım tatar türkləri öz ölkələrini tərk edərək Türkiyə və digər ölkələrdə yaşamaq məcburiyyətində qalıblar. 

Sənətçi Camala "1944" mahnısı ilə "Eurovision 2016" mahnı müsabiqəsinin qalibi olub. Türkcə nəqarəti ilə diqqət çəkən və Krım türklərinin sürgün faciəsindən bəhs edən əsər böyük rəğbətlə qarşılanıb.

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31