Moskvanın silah ehtiyyatı tükənir - ÖZƏL

"Müharibə uzandıqca Moskvanın silah ehtiyyatı tükənir və bununla paralel xalq və siyasi elita arasında da qələbəyə dair ümidlər azalır. Ağır texnika cəhətdən ciddi çətinliklə üzləşən Rusiya 1980-ci ildən silalanmadan çıxartdığı T 55 tipli tankları restavrasiya edərək aktiv əməliyyatlar zonasına göndərir. Bu tankların isə Ukraynaya verilən qərbli analoqları ilə baş etmək şansı sıfıra bərabərdir".
Bu fikirləri "OLAYLAR"-a səsləndirən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib ki, hər ay orta hesabla 150 tank itirən rus ordusu ay ərzində ən yaxşı halda 30-40 arası yeni tank istehsal edə bilir ki, bu da itkilər fonunda yetərli deyil: "Rusiyanın bu qədər çətin situasiya ilə üzləşməsinin bir sıra səbəbləri var ki, onlardan biri də İran və Çin faktorudur. Kreml adını sadaladığım iki yaxın tərafdaşından xüsusilə zirehli texnika və uzaq mənzilli raketlər baxımından lazımı dəstək ala bilmədi. Düzdür hər iki ölkə Rusiyanı PUA-lar ilə qismən də olsa təmin etdi. Lakin Ukrayna ordusunun bu sistemləri kütləvi sürətdə zərərsizləşdirməsi  həmin silahların təsir imkanlarını və psixoloji təsir effektini azaltdı. Bu istiqamətdə Vaşinqtonun Pekin və Tehrana yönəlik təzyiqlərinidə vurğulamaq lazımdır".
AVP rəsmisi deyir ki, qarşıda isə rus ordusunu daha ağır günlər və sınaqlar gözləyir: "Çünki Ukrayna silahlı qüvvələri muharibənin düyün nöktəsi olan Baxmutda əks-hücum əməliyyatlarına start verib və ciddi uğurlar əldə olunur. Əməliyyat zonasında çəkilən kadrlara əsasən Ukrayna ordusu istər hərbi ekipirofka, istər peşəkarlıq, istərsə də mənəvi-psixoloji hazırlıq cəhətdən bütün parametrlər üzrə işğalçı ordunu üstələyir. Digər tərəfdən Qərbin tətbiq etdiyi sanksiyalar Rusiya silah sənayesinin işinə də öz  mənfi təsirini göstərir. Bu zamana qədər istehsal xəttində olan bir çox avadanlıqların kritik hissələrinin, xususilə çip kimi vacib komponentlərin qərb ölkələrindən təmin edilməsi və məlum səbəblərdən bu tip ixrac əməliyyatlarında yaşanan çətinliklər ölkə hərb sənayesinin işini iflic edir. Düzdür Kreml rəhbərliyi Ermənistan kimi alternativ variantlardan istifadə edərək üçüncü tərəf kimi bu hissələri əldə edir, lakin bu da yetərli deyil".
Pərviz Mirizadə hesab edir ki, indiki reallıqları nəzərə aldıqda Rusiyanın siyasi və hərbi sferada güc itirməsi ən çox Çinə sərf etdi: "Təbii ki, Qərbin Rusiyanı Ukrayna bataqlığına sürükləməsinin pərdəarxasında böyük ölçüdə Çini tək buraxmaq, onu bəsləyən kanalları kəsmək dayansa da,  müdrük siyasət həyata keçirməyi ilə fərqlənən Çin diplomatiyası yaranmış situasiyadan maksimum şəkildə öz xeyirlərinə istifadə etməyi bacardı və Rusiyanın zəiflədiyi regionlarda, xüsusilə Orta Asiyada öz varlığını artırmağa başladı. İndi isə gözləmək lazımdır ki, yeni dünya nizamı bizə nə vəd edir, hansı güclər ön plana çıxacaq və yeni baxışlar nələr olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31