İŞİD Mərkəzi Asiyada Böyük Xorasan qurmaq istəyir – Patruşev Tehranda açıqladı

İŞİD Mərkəzi Asiyada Böyük Xorasan qurmaq istəyir – Patruşev Tehranda açıqladı

"İslam dövləti" (İŞİD) qruplaşması Əfqanıstanda möhkəmlənməyə davam edir və Mərkəzi Asiyaya soxulmaq üçün meydan hazırlayır.

Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

"Son görüşümüzdən ötən bir il ərzində Əfqanıstanda təhlükəsizlik sahəsində vəziyyət qeyri-sabit olaraq qalır və pisləşməyə meyl var. Ən böyük narahatlıq İŞİD-in güclənməsidir", - deyə N.Patruşev Tehranda keçirilən Təhlükəsizlik Şurası katiblərinin və milli təhlükəsizlik üzrə müşavirlərin Əfqanıstanla bağlı toplantısında söyləyib.

Patruşev qeyd edib ki, Əfqanıstanda 600-dən çox yaraqlının məhv edilməsi və ya əsir götürülməsi ilə nəticələnən hökumət qüvvələrinin son əməliyyatlarına baxmayaraq, müxtəlif mənbələrə görə, bu ölkədə 2,5-4 min "İŞİD"çi qalmaqdadır.

"İŞİD-in əsas gücü Əfqanıstanın şimalında cəmləşib, burada 2 mindən çox yaraqlı var. Onlar Tacikistan və Türkmənistan üzərindən Mərkəzi Asiyaya soxulmaq üçün buradan meydan kimi istifadə etmək istəyirlər", - deyə Patruşev bildirib.

Rusiya Təhlükəsizlik Şurasının sədri qeyd edib ki, İŞİD-in əsas qalası Əfqanıstanın şərqində yerləşir: "Burada 1,5 mindən çox cihadçı cəmləşib. Yeni yaraqlıların hamısı, o cümlədən Suriya və İraqdan gələnlər Pakistan üzərindən Əfqanıstana daxil olurlar. Yaraqlıların son məqsədi Əfqanıstan və Mərkəzi Asiya ölkələrini əhatə edən qondarma Böyük Xorasan yaratmaqdır.

Mövcud informasiyalara görə, İŞİD-çilərin prioritet hədəfləri kritik infrastruktur obyektləri, hüquq-mühafizə orqanları və diplomatik nümayəndəliklər, habelə xarici vətəndaşlar ola bilər".

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31