Çindən gələn yeni Uyğur planı: ABŞ diplomatlarına viza verilməyəcək

Çindən gələn yeni Uyğur planı: ABŞ diplomatlarına viza verilməyəcək

Çin Sincan Uyğur Muxtar bölgəsində insan hüquqlarının pozulması məsələsini qaldıran ABŞ diplomatlarına viza və səyahət məhdudiyyəti tətbiq etməyi planlaşdırır.

Çində fəaliyyət göstərən "Global Times" nəşrinin baş redaktoru HU Xijin Twitter hesabında verdiyi xəbərə görə, Pekin hökuməti Sincan Uyğur Muxtar bölgəsindəki neqativ halları araşdıran ABŞ senator və rəsmilərinə viza və səyahət məhdudiyyəti tətbiq ediləcək plan üzərində işləyir.

2018-ci ilin avqust ayında Birləşmiş Millətlər Təşkilatının İrqi ayrıseçkiliyin aradan qaldırılması üzrə Komitəsi (CERD) Çinin Sincan Uyğur Muxtar bölgəsində yaşayan uyğur türkləri və müsəlman azlıqlarının "peşə təhsili mərkəzləri" adı altında qurulan mübahisəli təlim düşərgələrində məcburi olaraq saxlanıldığını xəbər vermişdi.

Çinin Xarici İşlər Nazirliyi buna cavab olaraq, BMT-nin hesabatının sübutsuz olduğunu bildirmiş və mübahisəli təlim düşərgələri haqqında deyilənlərin reallıqdan uzaq olduğunu demişdi.

Çinli səlahiyyətlilər təlim düşərgələrində dil, hüquq və peşə bacarıqları mövzusunda təlimlər verildiyini iddia edirlər.

AzNews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31