Mavriki parlamenti ölkənin yeni prezidentini seçib
Mavriki parlamenti ölkənin yeni prezidentini seçib
2 Dekabr 2019 18:09 DünyaHind okeanının cənub-qərbində yerləşən Mavriki ada dövlətinin parlamenti dekabrın 2-də səs çoxluğu ilə ölkənin yeni prezidentini seçib.
Bu postu 61 yaşlı Prithviracsinqh Rupun tutub. O, həmin postda 2018-ci ildə maliyyə qalmaqalı nəticəsində istefa verən ölkənin ilk qadın prezidenti Əminə Qərib-Fakimi əvəz edib.
Mavriki parlament respublikasıdır. Prezidentin namizədliyi ölkənin Baş Naziri Pravind Caqnot tərəfindən irəli sürülüb. Caqnotun "Döyüşkən sosialist hərəkatı" hakim partiyası noyabrın 7-də keçirilmiş seçkilərdə qələbə qazanaraq parlamentdə 62 yerdən 35-nə sahib olub.
Mavrikinin yeni prezidenti Prithviracsinqh Rupun ixtisasca vəkildir. O, ilk dəfə 2000-ci ildə parlament üzvü seçilib. Müxtəlif illərdə Regional özünüidarəetmə naziri, Sosial inteqrasiya naziri, həmçinin İncəsənət və mədəniyyət naziri vəzifələrində çalışıb.
azertac.az