Əsəd ordusu İsraillə sərhəddə yüksəkliyi ələ keçirdi
17 İyul 2018 13:34 DünyaSuriya ordusu və onun müttəfiqləri İsrailin 1967-ci ilin 6 günlük müharibəsində işğal etdiyi Colan təpələrinə nəzarəti təmin edən strateji yüksəkliyi yenidən Dəməşqin nəzarətinə qaytarıb.
Suriyanın dövlət televiziyası ölkənin cənub-qərbindəki Kuneytra və Deraa əyalətlərinin üsyançı və terrorçuların əlində qalan digər hissələrini də azad etmək üçün Bəşər Əsəd qüvvələrinin növbəti hücum əməliyyatına başladığını bildiriblər.
Qeyd olunub ki, son 2 gündə Rusiya və Suriya qüvvələri tərəfindən endirilən havazərbələri nəticəsində Suriya ordusu İsraillə sərhədə olduqca yaxın yerləşən və silahlı müxalifətin əlində olan əl-Haara yüksəkliyinə nəzarəti bərpa edib. Həmçinin, Kuneytra əyalətinin Maşara kəndi də Dəməşqin nəzarətinə keçib. Kəndlə Colan təpələri arasındakı məsafə cəmi 11 kilometrdir.
![]()
Xatırladaq ki, əvvəllər bu yüksəklikdə Suriya ordusunun İsrail qarşısında müdafiəsini təmin edən böyük zenit-radar kompleksi yerləşdirilmişdi. Deraa əyalətindəki ən yüksək ikinci təpə olan əl-Haara 2014-cü ilin oktyabrında üsyançıların əlinə keçib.
AzVision.az