"Ya hamı, ya da heç kəs!" – Tehrandan ultimatum

Əgər İran Fars körfəzindən neft ixrac edə bilməsə, onda Yaxın Şərqin digər dövlətləri də bunu edə bilməz.

İranın ali dini lideri Ayətulla Əli Xameneyinin beynəlxalq məsələlər üzrə məsləhətçisi Əli Əkbər Vilayəti belə deyib. 

Bildirib ki, bu məsələdə "ya hamı, ya da heç kəs" prinsipindən çıxış edəcəyini Tehran açıq şəkildə bəyan edib. 

"Ən şəffaf, tam və çevik cavabı Avropaya son səfərində İran prezidenti cənab Ruhani verdi. Ruhaninin sözlərində İranın cavabı aydın şəkildə bildirildi - əgər biz Fars körfəzindən neft ixrac edə bilməyəcəyiksə, onda heç kim bunu edə bilməz. Ya hamı ixrac edəcək, ya da heç kəs." - deyə Vilayəti vurğulayıb. 

Qeyd edək ki, ötən gün ABŞ-ın maliyyə naziri Stiven Mnuçin İran neftini almaqda davam edən istənilən ölkəyə, o cümlədən Rusiya, Çin və digər dövlətlərə sanksiya tətbiq edə biləcəklərini deyib. Vaşinqton açıq şəkildə bildirir ki, İranın neft ixracından əldə etdiyi gəlirləri sıfıra endirməyi planlaşdırır. Bunun üçün hətta bütün müttəfiqlərindən İrandan neft idxalını dayandırmalarını tələb edib. Əks-təqdirdə onlara qarşı daha ciddi sanksiyalar işə salacağı ilə hədələyib və heç bir müttəfiqinə güzəştə getməyəcəyini bildirib. Təzyiqlər nəticəsində artıq Cənubi Koreya son 6 ildə ilk dəfə İrandan neft alışını dayandırıb. 

Xatırladaq ki, İran prezidenti Həsən Ruhani ABŞ-ın öz müttəfiqlərinə təzyiq vasitəsilə Tehrandan xam neft almamağı tələb edəcəyi təqdirdə, regionda neft ixracına ciddi maneə və təhdidlər yarana biləcəyilə bağlı xəbərdarlıq edib. İslam İnqilabı Keşikçiləri Korpusunun rəis müavini İsmayıl Kövsəri isə Fars körfəzi ölkələri neftinin Hörmüz boğazı vasitəsi ilə dünya ölkələrinə çatdırılmasına imkan verməyəcəklərini bəyan edib.

ABŞ 8 mayda İranla olan nüvə sazişindən birtərəfli qaydada çıxaraq, Tehrana qarşı enerji və maliyyə sanksiyalarını bərpa edəcəyini deyib. ABŞ Dövlət Departamenti bəyan edib ki, sanksiyaların ilkin mərhələsi 6 avqustdan qüvvəyə minəcək və İranın avtomobil sənayesi və qızıl ticarəti sahələrini əhatə edəcək. Digər məhdudiyyətlər, o cümlədən enerji sanksiyaları isə noyabrın 4-dən tətbiq ediləcək. 



AzVision.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31