Qüdsdə bir parça Amerika torpağına sahib olmaq istəyi

Birləşmiş Ştatlar prezidenti Donald Trampın Qüdslə bağlı qərarı onsuz da ağır vəziyyətdə olan Yaxın Şərqdəki durumu bir qədər də gərginləşdirdi. Vaşinqtonun İsraildəki səfirliyinin Qüdsə köçürülməsi barədə hərəkətə keçən İsrailə qarşı Qəzza bölgəsində fələstinlilərin keçirdiyi etiraz aksiyaları onlarla insanın ölümü, yüzlərlə etirazçının yaralanmasına yol açdı. Bu gün Qəzza bölgəsi qan çanağını xatırlatsa da, lakin bu halın baş verməsinə səbəb olanlar iddialarından geri çəkilməyə maraqlı görünmürlər. Artıq İslam dünyası da demək olar ki, adekvat addımlar atmağa başlayıb. Birləşmiş Ştatların Qüdslə bağlı qərarına kəskin etiraz edən ölkələrin önündə isə hər zaman olduğu kimi qardaş Türkiyə durur.

Vaşinqtonun, daha dəqiq desək Trampın Qüds qərarı fələstinlilər qədər də məhz Türkiyənin kəskin etirazına səbəb olub və artıq iki gündür ki, qardaş Türkiyədə on minlərlə insan bu qərara qarşı öz etiraz səsini ucaldır. Bu arada beynəlxalq təhlilçilər əsas diqqəti məhz Türkiyənin etiraz jestinə yönəldirlər. Və belə bir iddia səsləndirilir ki, Birləşmiş Ştatlar prezidenti Donald Trampın Qüds qərarı əslində nə fələstinliləri, nə də İslam dünyasını özünə qarşı qaldırmaq deyil. Bu məsələdə əsas hədəf və məqsəd Türkiyəni təxribata çəkmək, ona zərbə vurmaqdır. Hazırkı situasiyada Yaxın Şərq regionunda, eləcə də dünyada  söz sahibinə çevrilən Türkiyəni durdurmaq üçün Birləşmiş Ştatların bundan sərfəli variantı ola bilməzdi. Okeanın o tayında elə Ağ Evin özündə dəqiq bilirlər ki, Qüds məsələsi Türkiyə üçün Dağlıq Qarabağ məsələsi qədər həssasdır və Qüdsdən ötrü Türkiyə istənilən addımı ata bilər. Necə ki, bir neçə il əvvəl Qəzza zonasına humanitar yardım göndərmək riskini gözə aldı və uzun illərin yaxın strateji müttəfiqi olan İsraillə hətta müharibə vəziyyətinə qədər münasibətləri gərginləşdirdi, indi də Ankara Vaşinqtonla eyni münasibıtləri yaşaya bilər.

Bu günlərdə Yaxın Şərq regionunda cərəyan edən proseslər Azərbaycanda da diqqətlə izlənməkdədir və sözügedən məsələ ilə bağlı müxtəlif yanaşmalar ortaya qoyulur. Millət vəkili Zahid Oruc Yaxın Şərqdə baş verən son prossləri şərh edərkən deyib ki. Qüdsdə bir parça Amerika torpağına sahib olmaq istəyi birinci gün 60 insanın ölümü ilə nəticələndi: "Kimsə deyə bilər ki,onsuz da diplomatik konsulluğun binasına vurulan rəmzi lövhənin necə adlanmasının elə bir əhəmiyyəti yox idi.Əsas məsələ, Ağ Ev rəhbərinin İsrail dövlətinin paytaxtına verdiyi dəqiq ünvanın bundan sonra 100 illik müharibələrin məhək daşına çevrilməsidir. Onsuz da müsəlmanların başına dolaşdığı Qara daşın müqəddəsliyi qarşısında indi yeni bir Ağ daş da siyasi pərvanələrin siyahısına əlavə olunur. Ola bilər "Alliluya" sədaları ilə Tanrıdan yəhudi uşaqlarına sülh və əmimanlıq arzulayan afroameriaklı müğənni onların içərisində olduğu qəsrdən on kilometlərə uzaqlıqda sapand daşı ilə nüvə silahına güc gələcəyini düşünən ərəb balalarına heç pislik edilməsini istəmir. Hələ üstəlik, Mossad dünən südəmər körpəni oraya yönəldən və çadra arxasında gizlənən Həmas qruplarının necə ustalıqla antiisrail bürüncəyi geyindiyini də tutarlı sübutlarla ortaya qoyur. Lakin qüvvələr nisbətinin bərabər olmadığı gün kimi aydındır. Nə seçimlərə gedən Türkiyə liderlərinin Fələstin dərdi, nə nüvəsiz İranın etirazları qanlı toqquşmalarda məhv olan insanların faciəsinin qarşını almır". Millət vəkili deyib ki, alovlu tribunalar siyasətə və mənfəət vuruşmalarına yarayır, daxili istehlaka və hisslərin sümürgənliyinə xidmət edir, amma ölümləri durdurmur: "Bir neçə on illik ərzində yəhudi dünyası ilə savaş aparanlar gedib müqəddəs yerlərdə gizlənib və qədim bir torpaqda müharibə ocağını qalamaqdadılar. Halbuki İsrailin bütün islam dünyası ilə düşmən olmaq istədiyini deyənlərin bir çoxu on illər ərzində öz xalqlarını usanmadan istismar edirlər". Millət vəkili onu da qeyd edib ki, bu Qüdsün səmasını bürüyən qara tüstüdür və dünya dövlətlərinin peyğəmbərlərin evindəki savaşıdır.

Hələlik isə görünən odur ki, Yaxin Şərqdə proseslər arzuedilməz məcraya doğru istiqamət alır.  Hansı nəticənin olacaöı isə kifayət qədər maraqlıdır.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31