ABŞ-ın neftin qiyməti ilə bağlı “qara planı”

Ekspert: "Belə bir ehtimal var..."

ABŞ-ın açıqladığı yeni sanksiya siyahısı Rusiya iqtisadiyyatında böyük şok effekti yaradıb: rubl dollar qarşısında sürətlə dəyərsizləşir, Rusiya indeksləri üzüaşağı gedir, şirkətlər, varlı oliqarxlar on milyardlarla dollar itkiyə məruz qalıb, biznes elita arasında çaxnaşma yaranıb. Sanksiyaların daha da dərinləşməsi, daha çox sayda rusiyalının adının siyahıya salınması ehtimalı böyük olaraq qalır. Bu isə Rusiya iqtisadiyyatında daha böyük təbəddülatların olacağı deməkdir.

Sanksiyalarla Rusiya iqtisadiyyatında böyük çaxnaşmaya səbəb olan ABŞ daha bir silahdan - neft amilindən də yararlanacaqmı? Xatırladaq ki, bir çox dünya analitikləri 2014-cü ildən neftin dünya bazar qiymətinin sürətlə aşağı düşməsini məhz ABŞ-ın Rusiyanı iqtisadi baxımdan çökdürmək planının nəticəsi hesab edirlər. Bu baxımdan, ABŞ yenidən bu planından istifadə edərək, neftin dünya bazar qiymətində kəskin enişə nail ola bilərmi?

Sualları cavablandıran ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanovun "Yeni Müsavat"a dediyinə görə, ABŞ-ın son sanksiyaları 2014-cü ildən sonra ən ciddi addımdır: "Rusiya iqtisadiyyatı yenicə özünə gəlirdi, bu il dirçəliş gözlənilirdi. Sanksiyalar o deməkdir ki, iqtisadiyyatda ciddi problemlər yaşana bilər. Neft qiymətlərinə gəlincə, 80-ci illərdə də belə iddialar səslənirdi ki, SSRİ-ni zəiflətmək üçün amerikalılar səudiyyəlilərlə razılığa gəldilər. Səudiyyə Ərəbistanı dünya bazarına əlavə neft vuraraq qiymətləri aşağı endirdi. Nəticədə, SSRİ iqtisadi cəhətdən ciddi şəkildə zəiflədi, çöküşünə zəmin yarandı. O prizmadan yanaşdıqda, ABŞ neftin qiymətini müəyyənləşdirmir, sadəcə, bazardakı miqdarına təsir göstərə bilir".

Ekspertə görə, hazırda dünya neft bazarında 3 böyük oyunçu var: "Bunlardan biri Rusiyadır - hazırda bazara daha çox məhsul çıxarmaq imkanı yoxdur, heç bunu istəməz də. Amerikadır - düzdür, şişt neftinin istehsalı sürətlə artır, lakin onun da qısa müddətdə elə böyük həcmdə artmaq imkanı mövcud deyil. Qalır bir oyunçu - Səudiyyə Ərəbistanı. Bu üç oyunçudan yalnız bu ölkənin imkanı var ki, qısa müddətə bazara bir neçə yüz min barel əlavə neft çıxartsın. Səudiyyə Ərəbistanı vəliəhdi ilə ABŞ arasında münasibətlər yaxşıdır, lakin ölkənin Rusiya ilə münasibətləri də çox yaxşıdır, xüsusilə də neft mövzusunda. Düzdür, Suriya, İran kimi siyasi məsələlərdə olmasa da, neft mövzusunda Rusiya ilə Səudiyyə Ərəbistanı yaxşı anlaşırlar. Bu iki ölkənin təşəbbüsü ilə OPEK+ razılaşması əldə olunub, dünya bazarında neftin qiyməti yüksəlib. Bütün bunların fonunda "ABŞ Səudiyyə Ərəbistanı ilə birləşib yenidən neftin qiymətini aşağı salmağa nail ola bilərmi" sualına birmənalı cavab vermək çox çətindir".

E.Soltanov bildirir ki, ABŞ hakimiyyətinin, konkret prezident Donald Trampın özünün Rusiyanı həqiqətən tam çökdürmək istədiyini söyləmək çətindir: "Bilirsiniz ki, Rusiya mövzusunda Trampın başı bəladadır. Bu baxımdan, son sanksiyaları onun özünü Rusiyadan uzaq göstərmək istəyinin nəticəsi kimi də qiymətləndirmək mümkündür. Bu prizmadan yanaşdıqda, sanksiyaların davamlı olub-olmayacağını da söyləmək mümkün deyil. Belə bir şəraitdə ABŞ-ın Səudiyyə Ərəbistanı ilə ittifaqa girib dünya bazarında neftin qiymətini aşağı salmağa çalışmaq kimi böyük işə başlayacağı mübahisəlidir. Çünki belə bir ittifaq və fəaliyyət çox ciddi dəyişikliklər, ciddi proseslərin başlanması demək olar. Düzü, mən düşmənçiliyin bu həddə qədər gəldiyini düşünmürəm. Yekun olaraq, düşünürəm ki, belə ehtimal var, amma ABŞ-ın buna gedəcəyini real saymıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31