Səfirə sui-qəsdin şifrələri: ABŞ, Avropa İttifaqı, yoxsa İran?
21 Dekabr 2016 16:59 DünyaDekabrın 19-da Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsi gündəmdə bomba effekti yaratdı. Səfirə sui-qəsd təşkil edən keçmiş polis məmuru Mövlüd Mert Altıntaş elə hadisənin baş verdiyi Ankara Sənətlər Mərkəzində keçirilən əməliyyatla öldürüldü. Onun ölümü isə sui-qəsdin təşkilatçıları ilə bağlı bəzi sirləri də özü ilə apardı.
Məhz bir çoxları da killerin sağ tutulmamasını kəskin tənqid etdi. Bildirdilər ki, onun sağ ələ keçirilməsi qətlin araşdırılmasını xeyli sürətləndirə bilərdi. Qətlin araşdırılması üzrə Rusiya-Türkiyə birgə istintaq qrupu işləyir və qrup qətlin təfərrüatlarını ortaya çıxarmağa çalışacaq. Amma ortada dəqiq olan bir şey var...

Bir çoxlarının proqnozlaşdırdığı kimi, Türkiyə və Rusiya arasında yeni "soyuq müharibə" baş vermədi və liderlər soyuq başla düşünməyi bacardılar. Rus səfirinin ölüm xəbərindən sonra bir çoxlarının ağlına ilk olaraq 2015-ci ilin noyabrında Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulması gəldi. Fikirlər belə idi ki, tərəflər yenidən "soyuq müharibə" dövrünə qayıda bilər. Lakin bu baş vermədi. Moskva və Ankara kimlərinsə oyuna getmədi.
Hadisədən dərhal sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə zəng edərək başsağlığı verdi və hadisə barədə onu məlumatlandırdı. Dəqiq olan şey budur ki, hər iki ölkənin rəhbərliyi qətlin arxasında olanların Rusiya-Türkiyə münasibətərini pozmağa çalışdığını bilirlər. Rusiya-Türkiyə münasibətlərini pozmağa çalışan, iki ölkə münasibətlərinin yaxşılaşmasına mane olan kimdir və yaxud da kimlərdir? ABŞ və yaxud ABŞ-ın himayə etdiyi Fəthullahçı Terror Təşkilatı (FETÖ), Avropa, yoxsa İran? Bəlkə də başqası...
ABŞ və onun himayə etdiyi FETÖ
Hazırda Türkiyədə həm ekspertlər və yazarlar, həm də rəhbərlik səviyyəsində hakim olan yanaşma budur: qətlinin arxasında ABŞ-ın sığınacaq verdiyi Fəthullah Gülənin lideri olduğu FETÖ dayanır. Killer Mert Altıntaşın da elə kökünün FETÖ-yə çıxdığı deylir. Deyilənə görə, 2,5 il polis sıralarında çalışan Altındaş 15 iyul hərbi çevriliş cəhdindən sonra işindən uzaqlaşdırılıb.

Dünən axşam saatlarında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Con Kerri arasında telefon söhbəti olub. Kerrinin istəyi ilə baş tutan telefon söhbətində türkiyəli nazir həmkarına Rusiyanın Ankaradakı səfiri Andrey Karlova qarşı sui-qəsdlə əlaqədar məlumat verib. Çavuşoğlu sui-qəsdin arxasında Fəthullahçı Terror Təşkilatının (FETÖ) olduğunu söyləyib. Türkiyə xarici siyasət idarəsinin başçısı həmkarının diqqətinə çatdırıb ki, bunu həm Türkiyə, həm də Rusiya bilir.
İyulun 15-də Türkiyədə keçirilən uğursuz hərbi çevriliş cəhdindən sonra prezident Rəcəb Tayyib Ərdoğan hərbi çevrilişin təşkilində çoxdankı opponenti,17 ildir ABŞ-da yaşayan Fəthullah Güləni ittiham etdi. Mümkündür ki, o, Moskva və Ankaranın yaxınlaşmasına mane olmaq üçün fanatik musəlmanın əli ilə Karlovu aradan götürüb. Həm Rusiya, həm də Türkiyədən verilən açıqlamalarda bildirildi ki, səfirin qətlinin arxasında olanlar məhz iyulun 15-də çevriliş cəhdinin arxasında olan qüvvələrdir. Yəni, barmaq ABŞ-a sığınan Gülənə tuşlanır. Onun isə ABŞ-ın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyinə dair iddialar yeni deyil.
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi isə gündəlik brifinqdə deyib ki, səfir Andrey Karlovun qətli ilə ABŞ-ın heç bir əlaqəsi yoxdur.
Türk yazar Taha Dağlı qeyd edir ki, ruslara görə qətlin arxasında olduğu təxmin edilən "Əl-Qaidə"-FETÖ ikilisindən FETÖ daha ağır gəlir. Onun fikrincə, ruslar FETÖ-nün arxasındakı gücün CİA olduğundan da əmindirlər.

Rusiya-Türkiyə yaxınlaşmasının ABŞ-a gətirdiyi zərərlər hansılardır:
1.Türkiyə Rusiya ilə yaxınlaşmaqla dollara "müharibə" elan edib. Ərdoğan Rusiya ilə ticarətin milli valyutalarla edilməsində israrlıdır.
2.Rusiya ilə yaxınlaşan Türkiyənin əl-qolu Suriyada əməlli-başlı açılıb və daha Suriya üzrə Vaşinqtonla məsləhətləşmələrə ehtiyac görmür.
3. "Fərat Qalxanı" əməliyyatı ilə ABŞ-ın "kürd dəhlizi" planı arxa plana keçib.
4.Türkiyə Rusiya ilə hərbi əməkdaşlığı genişləndirmək niyyətindədir. Ankara hava məkanını Rusiya istehsalı olan S-300 zenit-raket sistemlərini almaq istəyir.
Bütün bunların baş tutmaması üçün isə Türkiyə və Rusiyanın "təyyarə böhranı"ndan sonrakı dövrə qayıtması ABŞ üçün göydəndüşmə olardı.
Avropa
Sirr deyil ki, Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında Avropa da maraqlı deyil. Avropa Parlamenti noyabrın 24-də Avropa İttifaqı ilə Türkiyə arasında 2005-ci il oktyabrın 3-də başlayan üzvlük müzakirələrinin müvəqqəti dondurulmasını nəzərdə tutan qətnamə layihəsini qəbul etdi və bundan sonra Türkiyə ilə Brüssel arasında münasibətlər gərginləşdi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyü məsələsini yenidən gündəmə gətirdi. Bundan başqa, prezident Avropa İttifaqının ən ağır yarasının üstünə ayaq basdı: Türkiyə miqrant razılaşmasını poza bilər.
Türkiyə və Brüssel arasında miqrant razılaşması elə bir vaxtda ortaya çıxmışdı ki, Ankara və Moskva arasında münasibətlər "təyyarə böhranı"na görə "soyuq müharibə" həddində idi. Rusiya ilə münasibətlərin pisləşməsi Türkiyəni alternativsiz qoymuş və Avropa üçün həyati əhəmiyyət daşıyan miqrant razılaşmasının imzalanmasına nail olmuşdu. Başqa sözlə, Rusiya ilə münasibətləri pis olan Türkiyənin Avropanın istəklərinə "yox" demək ehtimalı çox az idi. İndi vəziyyət dəyişib. Ankara və Moskva arasında münasibətlər yüksələn xətlə inkişaf edir.

Avropa İttifaqının üzvlük müzakirələrini dondurmasından sonra Ankaranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük imkanlarını gündəmə gətirməsi və miqrant razılaşmasını pozacağını söyləməsi üçün kifayət qədər özündə cəsarət hiss edirdi. Üstəlik, Moskva ilə münasibətlərin yaxşılaşması Türkiyə üçün Suriyada geniş meydan açıb.
Rusiya-Türkiyə münasibətlərinin yenidən pisləşməsi Avropa İttifaqına nə verə bilərdi?
1.Avropa Türkiyə üçün tək alternativ olacaq və Ankaranı qeyri-məhdud sayda qaçqın qəbul etməyə məcbur edə biləcək.
2.Brüssel Avropa İttifaqına üzvlük müzakirələrini sonsuza qədər uzatmaq imkanı əldə edəcək. Bu halda isə, Ankaranın qarşısına qoyulan şərtlərin də sayı-hesabı olmayacaq.
3. Avropanın hələ XX əsrin əvvəllərində nüfuz dairələrinə bölüşdürdüyü Suriyada Türkiyənin fəaliyyət dairəsi minimum endiriləcək. Türkiyəsiz Suriya və Yaxın Şərq isə Qərbin ən böyük arzusudur.
İran
Ekspertlər Yaxın Şərqdəki proseslərdə "gizli əl" rolu olan İranı da yaddan çıxarmırlar. Təsadüfi deyil ki, İranı bəzən Türkiyənin "gizli düşməni" də adlandırırlar. Dünən Moskvada keçirilən Suriya üzrə Rusiya-Türkiyə-İran üçtərəfli toplantısında tərəflər Suriya böhranının həlli üzrə yeni danışıqlar prosesinin başlanması barədə razılığa gəldilər. İranın bu razılaşmaya sonuna kimi əməl edəcəyi inandırıcı görünmür. Proseslərin ümumi gedişatı belə bir görüntü yaradır ki, İran Moskvada danışıqlar masasına məcbur oturdulmuşdu. Bunu ötən həftə Hələbdəki hadisələr də göstərdi. Rusiya və Türkiyə arasında Hələbdə təxliyyənin həyata keçirilməsi üçün razılaşma əldə olunsa da, rejim qüvvələri və şiə döyüşçüləri müxalifət güclərinə yenidən hücuma keçdilər. Hər halda məqsəd Rusiya-Türkiyə razılaşmasının pozulması idi. Lakin Moskva bu məsələdə israrını davam etdirdi. Hətta bəzi məlumatlara görə, Rusiya İranı atəşkəs rejiminə əməl etməyəcəyi halda, şiə döyüşçülərini vurmaqla hədələdi.

Tehran Moskva-Ankara yaxınlaşmasından niyə narahatdır?
1. ABŞ və Avropa İttifaqı kimi İran da bir şiə rejiminin hakimiyyətdə olduğu Suriyada Türkiyənin hərbi mövcudluğunu istəmir.
2.Türkiyənin vasitəçiliyi ilə Ankarada Rusiya ilə Suriya müxalifəti arasında görüşlər keçirilir. Bu, müxalifətin legitimliyinin Moskva tərəfindən qəbul olunması və Ankaranın gələcəkdə müxalifətin vasitəsi ilə Suriya prosesində daha aktiv olması deməkdir. Tehran isə Suriyanın yenidən qurulmasında Rusiyadan başqa oyunçunu (Rusiyanın rolunu qəbul etməsinə isə məcburdur -red.), o cümlədən Türkiyəni istəmir.
3. Rusiyanın Türkiyə ilə yaxınlaşması Suriya böhranının həllində Moskvanı bir çox məsələlərdə Ankara ilə hesablaşmağa vadar edəcək.Türkiyə-Rusiya münasibətlərinin pis olduğu dövrdə isə Suriyada bu rolu İran yerinə yetirirdi.
4. Türkiyənin Suriyada mövcudluğu İranın Dəməşqin tərəfindən fəal hərbi əməliyyatlarda iştirakını da məhdudlaşdırır.Əks halda, türk əsgəri ilə birbaşa toqquşma qaçılmaz ola bilər.
Bir sözlə, ABŞ, Avropa İttifaqı və İranı Suriyada birləşdirən orta hədəf Suriyada Türkiyənin zərərsizləşdirilməsidir. Bunun üçün isə Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşmasına mane olmaqdır. "Təyyarə böhranı"nın davam etdiyi 9 aylıq müddətdə də şahidi olduq ki, Türkiyə Suriya istiqamətinə bir quş belə uçura bilmədi. Hər halda ABŞ, Avropa İttifaqı və İran (Bəziləri Səudiyyə Ərəbistanının da adını çəkir -red.) qətlin arxasında olduğu təxmin edilən tərəflərdir. Hər üçünün Türkiyə ilə, ABŞ və Avropa İttifaqının isə Rusiya ilə problemlərinin olması belə düşünməyə əsas verir. Publika.az