Türkiyəni terrorla çökdürmək istəyirlər
Bu ölkəni bölünmüş görmək istəyənlərin xam xəyalları ürəklərində qalacaq Rusiyanın Türkiyədəki böyük elçisi Andrey Karlovun qətlinin qanı qurumamış ölkənin İzmir şəhərinin Buca mahalında yenidən partlayış baş verib. Bucada iki bombanın partladılması nəticəsində iki avtomobil yararsız hala düşüb. Hadisə ilə bağlı üç nəfər polis tərəfindən saxlanılıb.
21 Dekabr 2016 13:21 DünyaBu ölkəni bölünmüş görmək istəyənlərin xam xəyalları ürəklərində qalacaq
Rusiyanın Türkiyədəki böyük elçisi Andrey Karlovun qətlinin qanı qurumamış ölkənin İzmir şəhərinin Buca mahalında yenidən partlayış baş verib. Bucada iki bombanın partladılması nəticəsində iki avtomobil yararsız hala düşüb. Hadisə ilə bağlı üç nəfər polis tərəfindən saxlanılıb. Şübhəli şəxslər İzmir Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinə aparılıb. Qardaş Türkiyənin ardıcıl terror aktlarına məruz qalması beynəlxalq ictimaiyyətin narahatçılığına səbəb olub. Türkiyənin hədəf götürülməsinin səbəbləri müxtəlif formada yozulsa da ssenarinin haradan və kimlər tərəfindən cızıldığı gün kimi aydındır. Məsələ orasındadır ki, Rusiya səfirini qətlə yetirən şəxsin polis olması və hadisədən sonra öldürülməsi bir çox sualları cavabsız qoyub. Odur ki, sözügedən hadisənin alt qatında olan səbəblərin dərindən araşdırılmasına ehtiyac var. Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay deyib ki, dünyada baş verən hadisələrin inkişafına nəzər salanda, bu hadisə Rusiya- Türkiyə əlaqələrini pozmağa istiqamətlənmiş bir hərəkət kimi görünür: "Lakin görünən budur ki, baş verən hadisə Türkiyə- Rusiya əlaqələrini daha da gücləndirəcək. 24 noyabrda baş vermiş təyyarə insidentindən sonra müharibə astanasında olan Türkiyə və Rusiyanın münasibətləri yenidən bərpa olunmağa başlayanda səfiri qətlə yetirməklə bu əlaqələri pozmaq istədilər. Amma buna nail ola bilmədilər. Səfirin öldürülməsinə bu baxımdan Rusiya-İsrail-Türkiyə ittifaqından narahat olanların hərəkəti kimi baxmaq olar". Politoloqun sözlərinə görə, yeni partlayışlar törədilə, terror aktları ola bilər, hədəf isə Türkiyə və Rusiya, Putin və Ərdoğandır: "Türkiyəni terrorla çökdürmək istəyirlər. Lakin Türkiyə dirəniş göstərəcək və terrorun öhdəsindən gələcək. 15 iyulda Türkiyəni hədəf seçənlər məqsədlərinə nail ola bilməyəcəklər, çünki Türkiyə vahid şəkildə terrora qarşı birləşir. 15 iyul hadisələri zamanı Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalının dəstəyi Türkiyəni uçurumun bir addımlığından geri qaytardı".
Azərbaycan Milli Məclisinin üzvü Eldəniz Səlimov isə deyib ki, anti-türk və anti-Türkiyə qüvvələri yenidən fəallaşmaqda, azğınlaşmaqda, dost və qardaş ölkəyə qarşı təhlükəli və qorxulu ssenarilərə start verməkdədirlər. Məhz həmin qüvvələr tərəfindən son 10 günün içində qardaş ölkədə dalbadal 3 terrakt törədilib. Əvvəl İstanbulda, sonra Kayserirdə, daha sonra isə Ankarada qanlı olay düzənlənib. Onun sözlərinə görə, Ankarada baş verən qanlı hadisə-Rusiyanın Türkiyədəki böyük elçisi Karlovun qətli isə daha məkrli, daha amansız və daha uzağagedən "planlar"dan xəbər verir: " Bu, adi bir cinayətkarın, terrorçunun həyata keçirdiyi qanlı qətliam-qətl hadisəsi deyil və sayıla bilməz, bunun arxasında çox məkrli qüvvələr və Türkiyəni xaosa sürükləyəcək, 3-cü dünya dövlətləri səviyyəsinə endirəcək, onu hətta, bir dövlət kimi laxladıb zəiflədəcək qanlı oyunları dayanır.Burada əsas məqsədlərdən biri də məlum təyyarə qalmaqalından sonra gərginləşən, lakin son aylar yenidən əvvəlki məcrasına qaytarılan, normallaşan Türkiyə-Rusiya münasibətlərinə ciddi zərbə vurmaqdır. Ancaq inanıram və qəti əminəm ki, Rusiya dövləti və onun hakim dairələri məkrli qüvvələrin bu oyununa aldanmayacaq, əksinə, Türkiyə ilə münasibətlərin, əməkdaşlığın daha da sıxlaşdırılmasına üstünlük verəcəklər. Eyni zamanda, hər iki dövlət bu əməkdaşlıqdan ciddi əndişə keçirənlərin qarşısında dimdik dayanaraq, onlara layiq olduqları cavablarını birlikdə verəcəklər. Qoy Türkiyənin düşmənləri, anti-Türkiyə dairələri də əmin olsunlar ki, onların bu qanlı ssenariləri, təhdid və təzyiqləri Türkiyəni zəiflətməyəcək, əksinə, onu daha da mətinləşdirəcək, düşmənlərə qarşı daha güclü, daha monolit və səfərbər edəcək. Bir sözlə, Türkiyəni zəifləmiş, parçalanmış, bölünmüş görmək istəyənlərin xam xəyalları, arzuları birdəfəlik ürəklərində, gözlərində qalacaq". Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Asim Mollazadə qeyd edib ki, əslində terrorla mübarizədə bütün dünya qüvvələri birləşməlidir: "Terror insanlığa qarşı olan böyük bir cinayətdir. Bütün dünya qüvvələri terrorla mübarizədə öz səylərini birləşdirməlidirlər. Türkiyə beynəlxalq terror qüvvələri tərəfindən hədəfə götürülüb. Son vaxtlar Türkiyədə bir sıra beynəlxalq terror təşkilatları çox ağır və faciəvi olaylar həyata keçiriblər. Məqsəd Türkiyəni zəiflətmək və bölgədə rolunu azaltmaqdır. Səfirin öldürülməsi fonunda baş verən hadisə də bu silsilənin davamıdır. Əminəm ki, Türkiyənin hüquq-mühafizə orqanları sayəsində Türkiyə terrorla mübarizədə qalib gələcək. Türkiyə böyük dövlətdir. Yaxın müddətdə "son terror aktını kim törədib" və "bunun arxasında kimlər durur" suallarına cavab tapılacaq və dünyaya çatdırılacaq. Ümidvaram ki, bu terror hadisəsi ikitərəfli münasibətlərə mənfi təsir göstərməyəcək".
Alim